00:01 04-May-2021 142
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 04.05.2021

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV 

(1863-1934)

 

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 4 may 1863-cü ildə Tiflisdə anadan olub. Birinci Tiflis gimnaziyasında və Peterburq Universitetinin Hüquq fakültəsində təhsil alıb. Bakıda hüquq-mühafizə orqanlarında çalışıb, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərib. "Kaspi" qəzetinin redaktoru, Bakı Şəhər Dumasının üzvü və sədri olub. Bakı quberniyasından I Dövlət Dumasına deputat seçilib. Onun təşəbbüsü ilə Dumada müsəlman fraksiyası yaradılıb, həm fraksiyanın sədri, həm də 7 nəfərlik büro üzvündən biri olub. Cümhuriyyət dövründə Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinetində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri vəzifələrində çalışıb. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinin sədri seçilib, lakin həmin vaxt Paris sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğu üçün faktiki olaraq parlamentin heç bir iclasında iştirak edə bilməyib. Bolşevik işğalından sonra vətənə qayıtmayıb və ömrünün sonunadək Fransada yaşayıb. Bir çox əsərlərin müəllifidir. Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin Sen-Deni rayonunda vəfat edib və Sen-Kloud qəbiristanlığında dəfn olunub. 

 

 

HÜSNÜ MÜBARƏK

(1928-2020)

 

Misirin 4-cü prezidenti Məhəmməd Hüsnü Mübarək 1928-ci il mayın 4-də Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. Hərbi təyyarəçi kimi 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident təyin olunub, 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünə yiyələnib. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb, 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident elan olunub. 25 yanvar 2011-ci ildə başlayan inqilab nəticəsində fevralın 11-də istefa verib. Hüsnü Mübarək 25 fevral 2020-ci ildə paytaxt Qahirədə 91 yaşında vəfat edib.

 

 

ARƏSTƏ BAXIŞOVA 

(1989-2020)

 

Şəhid Arəstə Kərim qızı Baxışova 1989-cu ilin bu günü Xaçmaz şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

NAİL İBRAHİMLİ

(1994-2020)

 

Şəhid Nail Nəriman oğlu İbrahimli 4 may 1994-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

ŞAHİN HÜSEYNLİ

(1995-2020)

 

Şəhid Şahin Vaqif oğlu Hüseynli 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Şahin Hüseynli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RAUF İBADOV

(1996-2020)

 

Şəhid Rauf Məhərrəm oğlu İbadov 1996-cı ilin bu günü Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Rauf  İbadov oktyabrın 23-də Laçın dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman əlbəyaxa döyüşlə bir neçə düşməni məhv edib və qəhrəmancasına həlak olub. Atəşkəs elan olunduqdan sonra cəsədi tapılaraq, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

SÖHRAB TAHİR

(1926-2016)

 

Azərbaycanın xalq şairi, nasir, publisist Söhrab Tahirin xatirə günüdür. Söhrab Əbülfəz oğlu Tahiri 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim, Azərbaycan Demokrat Firqəsi Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbənin müdiri, redaktor, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini çalışıb. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriyyatı bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ Ədəbiyyat Fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri, Bədii Ədəbiyyatı Təbliğat Bürosu idarə heyətinin sədri olub. "21 Azər" medalı, "Şöhrət" ordeni və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1000-dən çox şeir, 57 poema, 8 roman, 10 povest, 70-dən çox hekayə və 800-dən artıq ədəbi-elmi-publisistik məqalənin müəllifi olan Söhrab Tahir 2016-cı il mayın 4-də dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn olunub.

 

 

FUAD POLADOV

(1948-2018)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Fuad Ağarəhim oğlu Poladovun anım günüdür. O, 1948-ci il mayın 24-də Bakıda doğulub. "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasında, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Akademik Milli Dram Teatrının truppasında, Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb. "Məhəbbət əfsanəsi", "Qılınc və qələm", "Müsyö Jordan və Dərviş Məstəli şah", "Yağışdan sonra", "Kölgələrin oyunu", "Şah oyunları", “Ad günü”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Aktrisa”, “Qayınana” və başqa tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. "Teatr xadimi" qızıl medalına, "Qızıl Dərviş" qızıl və "Qızıl Pəri" mükafatına layiq görülüb. Fuad Poladov 2018-ci ilin 4 mayında vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

 

 

ADİL QAÇAYOĞLU

(1955-2008)

 

Jurnalist Adil Qaçay oğlu Atakişiyevin anım günüdür. O, 1955-ci il iyunun 3-də Ağdamda anadan olub. Orta məktəbi Balakən rayonunda bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. İlk iş yeri "Şən həyat" (indiki "Balakən") qəzeti olub. 1981-1991-ci illərdə "Azərbaycan gəncləri"ndə çalışıb. Sonrakı illərdə "Həyat", "Yeni fikir", "Ülfət" qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar "Panorama" gündəliyinin baş redaktor müavini olub. Bundan sonra "Detektiv", "525-ci qəzet", "Yeni yüzil", "Bizim əsr", "Gün səhər" və "Yeni Müsavat" qəzetlərində çalışıb. Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb. Adil Qaçayoğlu 2008-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

NİYAZİ ASLANOV

(1960-1992)

 

Azərbaycanın Milli QəhrəmanıNiyazi Şərəfxan oğlu Aslanov 1960-cı il dekabrın 25-də Goranboy rayonunda dünyaya göz açıb. Orta məktəbi burada bitirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Qarabağ münaqişəsi başlayandan vətən torpaqlarının müdafiəsinə qalxıb. 4 may 1992-ci ildə Tap Qaraqoyunlu kəndi yaxınlığında baş verən döyüş zamanı komandirini xilas edərək qəhrəmancasına həlak olub və Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində dəfn edilib. Buradakı kənd orta məktəbi onun adını daşıyır. Niyazi Aslanov 5 fevral 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

 

RAMİN ƏHMƏDOV

(1981-2000)

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Ramin Viktor oğlu Əhmədov da bu gün xatırlanır. O, 23 may 1981-ci ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. 1987-1998-ci illərdə Faxralı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Beyləqan rayonundakı “N” saylı hərbi hissədə 2 ay xidmət etdikdən sonra ön xəttə gedərək, Haramı düzü deyilən yerdə hərbi xidmətini davam etdirib. 4 may 2000-ci ildə hərbi borcunu yerinə yetirərkən əsgər yoldaşları ilə birlikdə mina partlayışı zamanı şəhid olub. Ramin Əhmədov 5 may 2000-ci ildə doğulduğu kənddə dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım