00:01 05-May-2021 73
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 05.05.2021

KARL MARKS

(1818-1883)

 

Alman filosofu, siyasətçi, sosioloq, iqtisadçı və yazıçı, marksizm nəzəriyyəsinin banisi Karl Henrix Marks 5 may 1818-ci ildə Prussiyanın Trier şəhərində anadan olub. Orta təhsilini liseydə alıb. Bonn və Berlin universitetlərində hüquq təhsili alarkən tarix və fəlsəfəyə böyük maraq göstərib. Fəlsəfəyə marağı onu hegelçi-idealist kimi formalaşdırıb. 1841-ci ildə Epikür fəlsəfəsinə dair dissertasiya müdafiə edib. 1846-cı ildə Beynəlxalq İşçilər Assosiasiyasının qurucularından biri olub. “İqtisadi və fəlsəfi əlyazmalar”, “Əmək haqqı və kapital”, “Kommunist Partiyasının manifesti”, “Siyasi iqtisadın tənqidinə dair”, “Əmək haqqı, qiymət və mənfəət”, “Kapital” kimi məşhur əsərlərini yazıb. Tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət siyahısında yer alan Karl Marks 14 mart 1883-cü ildə Londonda dünyasını dəyişib.

 

 

EYNƏLİ BƏY SULTANOV

(1866-1935)

 

Yazıçı-publisist, maarifçi-pedaqoq, dramaturq, teatr xadimi, tənqidçi, tərcüməçi, ictimai xadim Eynəli bəy Çölü bəy oğlu Sultanov 1866-cı il mayın 5-də Naxçıvanda anadan olub. 1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil edib, “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlərin yaradıcılarından olub. “Tərcüman”, “Həyat”, “İrşad”, “İqbal”, “Yeni fikir”, “Dan yıldızı”, “Yeni yol” və digər qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edib. 1883-cü ildə teatr tamaşaları təşkil edib və buradan toplanan pullarla yoxsul məktəbli şagirdlərin müxtəlif ehtiyaclarının ödənilməsinə çalışıb. 1924-cü ildə latın əlifbasına keçidlə bağlı müzakirələrdə aktiv iştirak edib. Yüzlərlə məqalə və şeirin, 46 hekayə və 3 dram əsərinin müəllifi olan Eynəli bəy Sultanov 1935-ci ildə Tiflisdə vəfat edib.

 

 

ƏHMƏD CAVAD

(1892-1937)

 

Azərbaycanlı şair, tərcüməçi, professor Əhməd Cavad Məhəmməd oğlu Axundzadə 1892-ci ilin bu günü Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində anadan olub. Molla məktəbində, Gəncə Müsəlman Ruhani Seminariyasında və Azərbaycan Ali Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib, dövlət himninin və milli marşların əksəriyyətinin sözlərini yazıb. Azərbaycanın sovet işğalından sonra mütəmadi təqiblərə məruz qalıb. 1937-ci ilin 4 iyununda həbs olunan Əhməd Cavad oktyabrın 12-dən 13-ə keçən gecə güllələnib.

 

 

ƏKRƏM CƏFƏR

(1905-1991)

 

Dilçi, ədəbiyyatşünas, pedaqoq Əkrəm Səftər oğlu Cəfərov (Əkrəm Cəfər) 1905-ci il mayın 5-də İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, daha sonra Bakıdakı Darülmüəllimində, Moskvada İkinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsində oxuyub. Müxtəlif illərdə müəllim, elmi işçi, kafedra müdiri kimi vəzifələrdə çalışıb, Moskva Proletar Yazıçılar Cəmiyyəti Azərbaycan bölməsinin katibi olub. "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının, bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir. "Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında da böyük əməyi olub. Əkrəm Cəfər 1991-ci il avqustun 18-də Bakıda vəfat edib.

 

 

QƏMƏR SALAMZADƏ

(1908-1994)

 

Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist Qəmər Əliqulu qızı Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçüb, təhsilini isə Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda alıb. Bakıya qayıtdıqdan sonra bir sıra filmlərdə rejissor assistenti, quruluşçu rejissor, II rejissor vəzifələrində çalışıb. "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Xalq rəssamı Salam Salamzadə ilə evli olan Qəmər Salamzadə 1994-cü ildə vəfat edib.

 

 

MƏMMƏD ƏKBƏR

(1909-1974)

 

Yazıçı, jurnalist, tərcüməçi Məmməd Həmzə oğlu Əkbər 1909-cu il mayın 5-də Ordubad şəhərində anadan olub. Ordubadda yeni açılan kəndli-gənclər məktəbində, Naxçıvan pedaqoji texnikumunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Ordubadda klubda və kitabxanada işləyib, müxtəlif qəzet və jurnallarda müxbir, məsul vəzifələrdə çalışıb. “Şadman”, “Gənc qaliblər”, “Yeni həyat quranlar”, “Dostlar və tanışlar”, “Hekayələr, oçerklər, xatirələr” və başqa əsərlərin müəllifidir. Hüquq müdafiəçisi Səidə Qocamanlının və televiziya diktoru Gülşən Əkbərovanın atası olan Məmməd Əkbər 1974-cü il dekabrın 10-da Bakıda dünyasını dəyişib.

 

 

ADİL İSGƏNDƏROV

(1910-1978)

 

Azərbaycanın görkəmli teatr və kino rejissoru, aktyor və pedaqoq Adil Rza bəy oğlu İsgəndərov 1910-cu il mayın bu günü Gəncədə dünyaya gəlib. Teatr Texnikumunda və Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. Akademik Dövlət Teatrında aktyor, baş rejissor, sonra isə burada və "Azərbaycanfilm" kinostudiyasında direktor işləyib. 25 ilə yaxın bir dövrdə Akademik Dövlət Teatrında öz məktəbini yaradıb. Bir sıra tamaşaların rejissoru olub. "Uzaq sahillərdə", "Qara daşlar", "Məhəbbət dastanı", "Axırıncı aşırım", "26 Bakı Komissarı", "Arxadan vurulan zərbə" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "Əhməd haradadır?" onun quruluş verdiyi yeganə filmdir. “Stalin” mükafatına, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenlərinə layiq görülən Adil İsgəndərov 1978-ci il sentyabrın 18-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

XƏLİL MƏMMƏDOV

(1916-1989)

 

Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmməd oğlu Məmmədov 5 may 1916-cı ildə Şuşada anadan olub. 1938-ci ildə sənaye texnikumunu bitirdikdən sonra ordu sıralarına çağırılıb. İkinci Dünya Müharibəsində Krım, Donbas və Ukrayna uğrunda döyüşlərdə şücaət göstərib. 1944-cü ilin avqust-sentyabr aylarında onun başçılıq etdiyi tank batalyonu Rumıniya ərazisində bir sıra uğurlu əməliyyatlar keçirib, faşistlərin 4 tankını, 64 artilleriya qurğusunu, 191 avtomobilini, 108 pulemyotunu, 1375 əsgər və zabitini məhv edib. Müharibədən sonra vətənə qayıdan Xəlil Məmmədov İctimai Asayişi Mühafizə İdarəsində və Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin müdiri işləyib, 1960-1965-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri olub, polis general-mayoru rütbəsinə qədər yüksəlib. Xəlil Məmmədov 1989-cu il fevralın 21-də Bakıda dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

MİRƏLİ SEYİDOV

(1918-1992)

 

Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirəli Mir Ələkbər oğlu Seyidov 1918-ci il mayın 5-də İrəvan şəhərində anadan olub. Bakıda Hidromeliorasiya Texnikumunda, İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində təhsil alıb. Müxtəlif illərdə qəzetlərdə korrektor, ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini, Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri kimi vəzifələrdə işləyib. “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Yaz Bayramı”, “Qızıl döyüşçünün taleyi” və başqa əsərlərin müəllifidir. Mirəli Seyidov 1992-ci ilin 26 aprelində Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏLƏDDİN ABBASOV

(1922-2014)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dövlət Dram Teatrında işləyib. "Aydın", "Solğun çiçəklər", "Üç qəpiklik opera", "Bahar", "Fərhad və Şirin", "Böyük ürək", "Nişanlı qız", "Mən ki gözəl deyildim", "Özgə ömrü" , "Qatır Məmməd", "Dəli Kür" və başqa film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Şərəf Nişanı" ordeninə, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, I dərəcəli "Vətən Müharibəsi" ordeninə, "Qızıl Dərviş" mükafatına layiq görülən Ələddin Abbasov 13 iyul 2014-cü ildə Gəncədə vəfat edib.

 

 

YAQUB MƏMMƏDOV

(1930-2002)

 

Azərbaycanın xalq artisti, xanəndə Yaqub Məhəmməd oğlu Məmmədov 1930-cu il mayın 5-də Ağcabədi rayonunda anadan olub. Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb, görkəmli xanəndə Asəf Zeynallı adına musiqi məktəbində Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib, Dövlət Filarmoniyasında çalışıb. Onun ifasında qrammofon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb. Onun oxuduğu "Çahargah", "Mirzə Hüseyn segahı", "Rast", "Zabul" və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri lent yazılarında qorunub saxlanır. Yaqub Məmmədov 2002-ci il iyunun 5-də Bakıda dünyasını dəyişib.

 

 

AĞA LAÇINLI

(1940-2007)

 

Şair, filologiya elmləri namizədi Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı) 1940-cı ilin bu günü Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi, Bakı Dövlət Universitetinin dosenti vəzifələrində çalışıb, filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib, Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. Bir neçə kitabın müəllifidir. Əsərləri Rusiya, Fransa, Türkiyə, ABŞ, Çin, Hindistan və başqa ölkələrdə çap edilib. Yazıçı Fəxri Uğurlunun, jurnalistlər Azər Qaraçənli və Oqtay Qorçunun atası olan Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

 

 

İLHAM ƏLİYEV

(1961-1990)

 

Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyev 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. 1980-1982-ci ildə hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışıb. 1983-cü ildə İsmayıllı rayon Daxili İşlər Şöbəsinə qəbul olunub. Bir müddət sonra işini Gədəbəy rayon mühafizə milisinə dəyişib. 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olub. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhərində sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışıb. İlham Əliyev 19 avqust 1990-cı ildə Qazax rayonunun Əskipara kəndində şəhid olub. Azərbaycan Prezidentinin 6 iyul 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

ELŞAD YƏHYAYEV

(1966-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayev 1966-cı il mayın 5-də Şəki şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı 56 saylı orta məktəbi bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olub və 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönüb. "N" saylı hissəyə taqım komandiri təyin olunub. Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edib. 20 iyun 1992-ci ildə Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Elşad Yəhyayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

 

QASIM RZAYEV

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayev 5 may 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində dünyaya gəlib. 1988-1990-cı illərdə Ukraynada artilleriya hissəsində hərbi xidmətdə olub. Vətənə qayıtdıqdan sonra könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. Muncuqlu, Ağdam və Hacallı kəndlərinin müdafiəsində vuruşub. 14 may 1992-ci ildə ermənilər ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Qasım Rzayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

 

PƏRVİZ SƏMƏDOV

(1970-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Səmədov Pərviz Əbdüləhəd oğlu 1970-ci ilin bu günü Gəncə şəhərində doğulub. 1988-1990-cı illərdə Çitada hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra bir müddət Toxuculuq Kombinatında işləyib. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxaraq, Ağdam cəbhəsinə yollanıb. Şelli, Pircamal, Naxçıvanik və Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 15 may 1992-ci ildə Ağdamın Gülablı kəndində gedən dəhşətli döyüşlərdə ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edərkən snayper gülləsindən şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Pərviz Səmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

TAĞI ABDULLAZADƏ

(1992-2020)

 

Şəhid Tağı İlham oğlu Abdullazadə 1992-ci il mayın 5-də Sədərək şəhərində anadan olub. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik çavuş Tağı Abdullazadə noyabrın 2-də Hadrut döyüşləri zamanı şəhid olub və Sədərək şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

MƏHƏMMƏD BABAZADƏ 

(1995-2020)

 

Şəhid Məhəmməd Cavanşir oğlu Babazadə 5 may 1995-ci ildə Astara rayonunun Marzəsə kəndində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Məhəmməd Babazadə sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELVİN QƏDİROV

(2001-2020)

 

Şəhid Elvin Azər oğlu Qədirov 2001-ci ilin bu günü Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elvin Qədirov elə həmin gün Ağdam döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

SİDQİ RUHULLA 

(1886-1959)

 

SSRİ və Azərbaycanın xalq artisti, aktyor və rejissor Ruhulla Fətulla oğlu Axundovun anım günüdür. O, 9 aprel 1886-cı ildə Bakı qəzasının Buzovna kəndində anadan olub. Təhsilini bir kənd müəllimindən alıb. Gəncliyində “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyindən, dostlarının məsləhəti ilə Sidqi təxəllüsünü qəbul edib. Səhnə fəaliyyətinə 1908-ci ildə Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolu ilə başlayıb. Hüseyn Ərəblinskinin truppasında işləyib. Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. Rəşt və Qəzvin şəhərlərində ilk teatr tamaşalarının təşkilatçısı, Təbrizdə milli teatrın yaradıcısı olub. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında işləyib. Səməd Vurğünün “Vaqif” pyesinin tamaşasında Qacar rolu yaradıcılığının zirvəsi hesab edilir. "Qırmızı Əmək Bayrağı" və "Lenin" ordenlərinə, "Əmək igidliyinə görə" və "Qafqazın müdafiəsinə görə" medallarına layiq görülən Sidqi Ruhulla 1959-cu il mayın 5-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

SƏFA QƏHRƏMANOV

(1949-2008)

 

Azərbaycanın xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanovun xatirə günüdür. O, 1949-cu il martın 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində dünyaya gəlib. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirib. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayaraq, milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. 1992-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub. Teatrdakı 16 illik fəaliyyəti ərzində bir sıra milli operalarda müxtəlif obrazlar yaradıb. Səfa Qəhrəmanov 2008-ci il mayın 5-də Bakıda vəfat edib.

 

 

YUNİS ƏLİYEV

(1958-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Yunis Əsgər oğlu Əliyev də bu gün xatırlanır. O, 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. Dəliməmmədli şəhərindəki 102 nömrəli texniki-peşə məktəbində təhsil alıb. 1976-cı ildə sovet ordusunda hərbi xidmətə çağırılıb. 1992-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə qoşulub və Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılıb. 5 may 1992-ci ildə Talış kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub. Onun və bir neçə döyüşçü dostunun cəsədi 43 gündən sonra Talış kəndi azad edildiyi zaman tapılıb. Qızılhacılı kəndində dəfn olunub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

 

 

FİKRƏT HACIYEV

(1964-1992) 

 

Azərbaycanın Milli Qəhrəmanı Fikrət Əli oğlu Hacıyevin anım günüdür. O, 1964-cü  il mayın 19-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. Gəncə texniki-peşə məktəbində və Bakı Kooperativ Texnikumunda təhsil alıb. 1982-ci ildə hərbi xidmətə çağırılıb, xidmətini Ufa şəhərində keçirib. Daha sonra doğma kəndində öz ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə könüllü olaraq Goranboy özünümüdafiə batalyonuna yazılıb. 5 may 1992-ci ildə Talış kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Qızılhacılı kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

SƏRXAN OCAQVERDİYEV

(1967-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Sərxan Surxay oğlu Ocaqverdiyev də bu gün xatırlanır. O, 1967-ci il iyulun 16-da Goranboy rayonunun Səfikürd kəndində dünyaya göz açıb. 1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. Gəncə Maşınqayırma Texnikumunda təhsil alıb. 1989-cu ildə Gəncə Maşınqayırma Zavodunda işə başlayıb. 1991-ci ildə Xocalı soyqırımından sonra yerli özünümüdafiə batalyonuna yazılıb və bir çox döyüşlərdə igidlik göstərib. Sərxan Ocaqverdiyev 5 may 1992-ci ildə Talış kəndində həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır, Goranboy rayonunda büstü qoyulub.

 

 

MƏHƏRRƏM SEYİDOV

(1966-1994)

 

Şəhid Məhərrəm Məcnun oğlu Seyidovun xatirə günüdür. O, 1 may 1966-cı ildə Qərbi Azərbaycanın Amasya rayonun Qaraçanta kəndində anadan olub. Məktəbdə oxuduğu illərdə cüdo və sambo ilə məşğul olub. Gənclər arasında Ermənistan çempionu olub. Donetsk Ali Hərbi Məktəbində təhsil alıb. 1987-ci ildə hərbçilər arasında cüdo üzrə Ukrayna çempionu olub. SSRİ-nin müxtəlif hərbi hissələrində xidmət edib. 1993-cü ilin yanvar ayında Azərbaycan Ordusunda xidmətə başlayıb, hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib. Kapitan Məhərrəm Seyidov 1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində ağır yaralanıb, mayın 5-də vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra mayor rütbəsi və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım