00:01 12-Fevral-2021 182
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 12.02.2021

AVRAAM LİNKOLN

(1809-1865)

 

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln 1809-cu ilin bu günü Kentukki ştatında anadan olub. 1834-cü ildə İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilib. 1861-ci ildə ABŞ prezidenti seçilib. Onun hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın ləğvinin əleyhinə çıxan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək, ABŞ-ın tərkibindən çıxdıqlarını elan ediblər. 4 il davam edən vətəndaş müharibəsi sonda şimal ştatlarının qələbəsi ilə nəticələnib. Avraam Linkoln bu qələbədən 6 gün sonra - 15 aprel 1865-ci ildə teatrda tamaşaya baxarkən aktyor Con Uilks But tərəfindən qətlə yetirilib. Bununla da qətlə yetirilmiş ilk ABŞ prezidenti kimi tarixə düşüb. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

 

BƏHRAM MANSUROV 

(1911-1985)

 

Azərbaycan xalq artisti, tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fevralın 12-də İçərişəhərdə musiqiçi ailəsində anadan olub. İlk təhsilini mədrəsədə, sonra rus-tatar məktəbində alıb, oxuduğu son təhsil ocağı isə Pedaqoji Texnikum olub. Tar çalmaq sənətini atasından və əmisi Mansur Mansurovdan öyrənib. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1932-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri kimi uzun illər muğam operalarını tarda müşayiət edib. Onun  ifasında “Çahargah” və “Rast” muğamları nota salınıb. 1941-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib, bir çox tarzənlərin ustadı olub. Bəhram Mansurov 1985-ci il mayın 14-də Bakıda dünyasını dəyişib. O, xalq artisti Eldar Mansurovun, tarzən Elxan Mansurovun və kinooperator Aydın Mansurovun atasıdır.

 

 

ƏNVƏR QASIMZADƏ

                       (1912-1969)

 

Azərbaycanın əməkdar inşaatçısı, memar, Elm­lər Ak­a­de­mi­ya­sı­nın müxbir üzvü, professor Ənvər Əli oğlu Qasımzadə 1912-ci il fevralın 12-də Salyan şəhərində tanınmış maarifçi Əli bəy Qasımovun ailəsində anadan olub. İlk təhsilini Bakı Müəl­limlər Se­mi­na­ri­ya­sında alıb. 1930-cu il­də Azər­baycan Sə­na­ye Tex­niku­munun İnşaat şöbə­si­ni bitir­ib. 1936-cı ildə Azərbay­can Sənaye İns­ti­tu­tunda ali təh­silini başa vuraraq, mühəndis-memar ix­ti­sasına yiyələnib. 1934-cü ildən “Azərdövlətla­yi­hə” təş­ki­latında çalışıb, həmçinin Ba­kı İnşaat Tex­ni­kumunda dərs deyib. 1941-ci ildə Azər­bay­can SSR Kommu­nal Təsər­rüfatı Xalq Komis­sarlığı ya­nın­da Mənzil Kommunal Baş İda­­rə­si­nin rəisi və Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə tə­yin edil­ib. İkinci Dünya müharibəsində iştirak edib. 1959-cu ildən Azərbay­can Me­mar­lar İttifaqına rəhbərlik edib. 1962-ci ildə Azərbaycan Politexnik İnsti­tutuna rektor təyin olun­ub. Bir sıra orden və medallarla təltif edilən Ənvər Qasımzadə 1969-cu il martın 12-də Bakıda vəfat edib və Fəxri Xi­ya­ban­da dəfn olunub.

 

 

İSLAM SƏFƏRLİ

            (1923-1974)

 

Tanınmış şair, dramaturq, əməkdar incəsənət xadimi İslam Əhməd oğlu Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MR-in Babək rayonunun Şəkərabad kəndində anadan olub. Ədəbi yaradıcılığa müharibədən əvvəl başlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. “Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”ndə və Azərbaycan Yazıçılar İttifaqında çalışıb. İyirmiyə yaxın şeir və poemalar kitabı çap olunub. “Göz həkimi”, “Ana ürəyi”, “Xeyir və Şər” pyesləri tamaşaya qoyulub. İslam Səfərli 1974-cü il noyabrın 6-da Bakıda dünyasını dəyişib.

 

 

MAİS SALMANOV

  (1933-2008)

 

Azərbaycanın əməkdar artisti, xanəndə, Prezident təqaüdçüsü, Azərbaycan Opera və Balet Teatrının solisti Mais Qurban oğlu  Salmanov 1933-cü il fevralın bu günü Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Milli opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub. Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşı olan Mais Salmanov 25 iyul 2008-ci ildə Bakıda vəfat edib.

 

 

AJDA PEKKAN

   (1946)

 

Türk pop musiqisinin "Superstar"'ı olaraq tanınan müğənni və aktrisa Ajda Pekkan 12 fevral 1946-cı ildə İstanbulda anadan olub. Əsl adı Ayşədir. İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. 1965-ci ildə Türkiyədə musiqi dünyasına daxil olub, 1970-ci illərdə artıq Avropada tanınmağa başlayıb. 20-dən çox musiqi albomu buraxıb və 30 milyon ədəddən çox albom satıb. 19 aprel 1980-ci ildə Hollandiyada keçirilən “Eurovision” musiqi müsabiqəsində "Petrol" mahnısı ilə Türkiyəni təmsil edib və 15-ci yeri tutub. Yaradıcılığı dövründə bir çox filmlərdə mahnı səsləndirən Ajda Pekan hələ də peşəkar musiqi karyerasını davam etdirir.

 

 

TƏBRİZ XƏLİLBƏYLİ

(1964-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub. 1981-ci ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında işıqçı işləyib. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xramord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə DİN-in "Boz qurd" mükafatına layiq görülüb. Təbriz Xəlilbəyli 31 yanvar 1992-ci ildə Şuşa yaxınlığında şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. O, xalq şairi Xəlil Rza Ulutürkün oğludur.

 

 

BƏXTİYAR MƏMMƏDOV 

(1962-1993)

 

Şəhid Bəxtiyar Məmmədov 12 fevral 1962-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Ağdam kənd təsərrüfatı texnikumunda təhsil alıb. Sovet ordusunda hərbi xidmətini Arxangelsk vilayətində başa vurub, daha sonra kolxozda işləyib. 1993-cü il iyunun 30-da milli orduya çağırılıb, Mərzili, Novruzlu və Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edib. Bəxtiyar Novruzov 1993-cü il dekabrın 28-də Mərzili və Novruzlu kəndləri arasında baş verən döyüşdə şəhid olub. Onun və həlak olan daha altı döyüşçünün nəşini döyüş meydanından çıxarmaq mümkün olmayıb.

 

 

ELÇİN BAXŞƏLİYEV

(1965-1990)

 

20 Yanvar şəhidi Elçin Mirzə oğlu Baxşəliyev 1965-ci ilin bu günü Bakıda anadan olub. 2 nömrəli avtobus parkında sürücü işləyib. 1990-cı il yanavrın 19-dan 20-nə keçən gecə 2 nömrəli taksi parkının yanında yaralılara kömək edərkən sovet əsgərləri tərəfindən güllələnib və şəhid olub. Elçin Baxşəliyev Abşeron rayonunun Şurabad kənd qəbiristanlığında dəfn edilib.

 

 

RABİL İSMAYILOV

(1980-2020)

 

Şəhid Rabil Elbrus oğlu İsmayılov 1980-ci il fevralın 12-də Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetində və Gəncə Dövlət Universitetində təhsil alıb. Təhsil aldığı Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rabil İsmayılov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub və Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAHİD TAĞIZADƏ

(1988-2020)

 

Şəhid  Cahid Vahid oğlu Tağızadə 12 fevral 1988-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Bərdə rayonunda dəfn edilib. Cahid Tağızadə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SƏMƏD BƏY MEHMANDAROV

(1856-1931)

 

Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Sadıx bəy oğlu Mehmandarovun anım günüdür. O, 16 oktyabr 1856-cı ildə Lənkəranda dünyaya gəlib. Bakıda gimnaziyada və Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbində təhsil alıb. Müxtəlif illərdə kapitan, podpolkovnik, polkovnik, general-mayor, artilleriya generalı rütbələri alıb. Rus-Yapon müharibəsi zamanı 7-ci Sibir artilleriya diviziyasının komandiri olub, Port-Arturun müdafiəsi zamanı igidlik göstərib. 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri vəzifəsində çalışıb. Azərbaycan hərb sənətinin inkişafında, eləcə də hərbi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub. Çar Rusiyasının “Stanislav”, “Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələri, eləcə də İngiltərə, Fransa və Rumıniyanın yüksək hərbi orden və medalları ilə təltif edilən general Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat edib və Çəmbərəkənd qəbiristanlığında dəfn olunub.

 

 

ALTAY HACIYEV 

(1931-2019)

 

Azərbaycanın xalq rəssamı Altay Əmir oğlu Hacıyevin xatirə günüdür. O, 1931-ci il aprelin 2-də Bakıda dünyaya göz açıb.  Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. "Humay" milli mükafatına layiq görülən Altay Hacıyev 12 fevral 2019-cu ildə vəfat edib.

 

 

ELMİR ZEYNALOV

(1994-2016)

 

Şəhid Elmir Sərxan oğlu Zeynalov da bu gün xatırlanır. O, 1994-cü ildə Goranboy rayonunun Əhmədabad kəndində anadan olub. Kiçik çavuş Elmir Zeynalov 2016-cı il fevralın 12-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım