00:01 14-Yanvar-2021 65
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.01.2021

QARABӘY QARABӘYOV

(1873-1953)

 

İctimai-siyasi xadim, həkim Qarabəy İsmayıl ağa oğlu Qarabəyov 1873-cü il yanvarın 14-də Yelizavetpol (indiki Gəncə) quberniyasının Yuxarı Ayıblı (indiki Şiştəpə) kəndində anadan olub. Şəmkir alman-rus liseyində, Tiflis klassik gimnaziyasında, Moskva Universitetinin tibb fakültəsində və Yuryev (Tartu) Universitetinin tibb fakültəsində təhsil alıb. "İttifaqi-müslimin" təşkilatının üzvü, "Difai" partiyasının rəhbərlərindən, "Kaspi" və "Yeni həyat" qəzetlərinin baş redaktoru olub. "Həyat", "İrşad", "Kaspi" və s. nəşrlərlə əməkdaşlıq edib. "İttihad" Partiyasının sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı müxalifətdə olub və bolşevik işğalına loyal yanaşıb. İşğaldan sonra Səmərqənd xəstəxanasında baş həkimin müavini, Rusiya Fövqəladə Komissarlığının xəstəxanasında həkim işləyib, Kreml xəstəxanasına rəhbərlik edib. Repressiya illərində pantürkist və panislamist kimi həbs edilərək, 10 il müddətinə Kolımaya sürgün olunub. 1947-ci ildə Bakıya qayıdıb, burada iş və qeydiyyat problemləri ilə üzləşdikdən sonra yenidən Səmərqəndə gedib. Qara bəy Qarabəyov 1953-cü ildə Səmərqənddə vəfat edib.

 

 

ABDULLA QARAYEV

      (1910-1968)

 

Azərbaycanda fiziologiya elminin banisi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdulla İsmayıl oğlu Qarayev 1910-cu ilin bu günü Bakıda anadan olub. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin təbiət bölməsini bitirib. 1938-ci ildə Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu nəzdində yaradılan laboratoriyaya rəhbərlik edib. Azərbaycan Dövlət Universitetinin prorektoru və rektoru, Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri, Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışıb. Azərbaycanda fizioloqlar elmi məktəbinin təşkilatçılarından olan alim bioelektrik hadisələrinin əsas nəzəri məsələlərini işləyib hazırlayıb. Abdulla Qarayev 1968-ci il dekabrın 8-də Bakıda dünyasını dəyişib.

 

 

ZAHİD XƏLİLOV

(1911-1974)

 

Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru, akademik Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Saraclı kəndində dünyaya gəlib. Orta məktəbi və Türk Pedaqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olub. 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vurub. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər özünün yaratdığı Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib. Zahid Xəlilov 1974-cü il fevralın 4-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

TOFİQ KAZIMOV

(1923-1980)

 

Azərbaycanın xalq artisti, görkəmli teatr rejissoru, aktyor və pedaqoq Tofiq Kazımov 1923-cü ilin bu günü Bakıda görkəmli teatr xadimi, şair Səməd Mənsurun ailəsində doğulub. Yeddi illik təhsilini burada alaraq teatr məktəbini bitirib. İkinci Dünya müharibəsində yaralandıqdan sonra 1943-cü ildə ordudan tərxis olunub və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili, 1951-1952-ci illərdə Moskvada ali rejissorluq təhsili alıb. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib. 1964-cü il martın 16-da Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. Tofiq Kazımov 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak olub və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

 

 

XOŞBƏXT YUSİFZADƏ

          (1930)

 

Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirib və Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub. Əmək fəaliyyətinə 1957-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” kontorunda başlayıb. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb. 2004-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir. Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə Xoşbəxt Yusifzadə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb.

 

 

ŞAMİL BASAYEV

(1965-2006)

 

Çeçenistanın əfsanəvi səhra komandiri Şamil Basayev 14 yanvar 1965-ci ildə Çeçenistanın Vedeno kəndində anadan olub. Moskvada mühəndislik fakültəsində təhsil alıb. Dünya onun adını ilk dəfə Çeçenistanda baş verənləri dünyaya göstərmək üçün Rusiyaya məxsus sərnişin təyyarəsini Ankaraya qaçırması ilə əlaqədar eşidib. Gürcüstan-Abxaziya müharibəsində çeçen dəstələrinin komandiri kimi iştirak edib. Çeçen Respublikası Silahlı Qüvvələrinin komandiri, Çeçen-Dağıstan xalqları konqresinin rəhbəri və 1999-cu ildə qurulan İslam Şurasının başçısı olub. Birinci Rus-Çeçen müharibəsində rus ordusuna ciddi zərbələr vurub. İkinci Rus-Çeçen müharibəsi zamanı vəhhabiliyə və terrorçuluğa meyl edib. Baş Qərargah rəisi olaraq iştirak etdiyi paytaxt Qroznının müdafiəsində sağ ayağını itirib. Şamil Basayev 2006-cı il iyulun 10-da İnquşetiyada avtomobil kortejindəki bombanın partladılması nəticəsində öldürülüb.

 

 

KAMRAN SEYFULLAZADƏ

(1999-2020)

 

Şəhid Seyfullazadə Kamran Cəlal oğlu  1999-cu il yanvarın 14-də Astara rayonunda anadan olub. Orta təhsilini 6 saylı Astara şəhər orta məktəbində alıb. N saylı hərbi hissədə hərbi xidmətini başa vurub. Könüllü cəbhəyə yollanıb. Füzuli, Hadrut və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarıb. Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllülərindən olub. Kamran Seyfullazadə 4 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və Astara rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ALMAS İLDIRIM

      (1907-1952)

 

Azərbaycanın mühacir şairi, əsl adı Əbdülhəsən Almaszadə olan Almas İldırımın anım günüdür. O, 1907-ci il martın 25-də Bakının Qala kəndində anadan olub. Varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilib. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunub. 1930-cu ildə Bakıya qayıdıb və "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib. Lakin bu kitabın yayılması qadağan edilib, onu Yazıçılar Birliyi üzvlüyündən xaric ediblər. Təqiblərə dözə bilməyərək Türkmənistana gedib. Buradan ailəsi ilə birlikdə İrana qaçmağa məcbur olub. Bir müddət sonra Türkiyəyə gedib, orada müxtəlif vəzifələrdə işləyib. Şeirləri Türkiyədə və Almaniyada çıxan qəzet və jurnallarda dərc olunub. Almas İldırım 1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən dünyasını dəyişib.

 

 

BARAT ŞƏKİNSKAYA 

        (1914-1999)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Barat Həbibxan qızı Şəkinskayanın xatirə günüdür. O, 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində doğulub. İlk təhsilini Şuşada alıb. 1930-cu ildə Pedaqoji Məktəbi bitirib və Sərkər kənd məktəbinə müəllim göndərilib. 1935-ci ildə Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa qəbul olunub. Daha sonra Gəncə Dövlət Dram Teatrında, “Azərbaycanfilm” kinostudiyasında, Filarmoniyada və televiziyada çalışıb. Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. On filmə çəkilən Barat Şəkinskaya  1999-cu il yanvarın 14-də vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub. Üç dəfə ailə quran sənətkarın Mir İbrahim Həmzəyevlə evliliyindən qızı Solmaz Həmzəyeva, Şəmsi Bədəlbəyli ilə evliliyindən qızı Rövşanə Bədəlbəyli, Mehdi Məmmədovla sonuncu evliliyindən isə oğlu Elçin Məmmədov dünyaya gəlib.

 

 

ELMAN HÜSEYNOV 

 (1952-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynovun anım günüdür. O, 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində doğulub. 1958-1968-ci illərdə kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinə qəbul olub, 1973-cü ildə mühəndis ixtisası ilə təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. Dəfələrlə rayon sovetinə deputat seçilib. 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Döyüşlərdə iki dəfə yaralanıb. Elman Hüseynov 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub. azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Tərtər rayonunda qəhrəmanın büstü qoyulub, adına muzey var.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım