00:01 17-Yanvar-2021 154
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 17.01.2021

BENCAMİN FRANKLİN

   (1706-1790) 

 

ABŞ-ın görkəmli dövlət və siyasi xadimi, diplomat, yazıçı, satirik, siyasi nəzəriyyəçi, ixtiraçı alim Bencamin Franklin 1706-cı il yanvarın 17-də Bostonda dəmirçi ailəsində doğulub. 13 yaşından mətbəədə işləməyə başlayıb. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır. ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Birləşmiş Ştatların yaranmasında əsas rol oynayan hər üç sənədə - İstiqlal Bəyannaməsinə, Konstitusiyaya və Versal sülh müqaviləsinə imza atıb. Bencamin Franklin 1790-cı il aprelin 17-də Filadelfiyada vəfat edib. 1928-ci ildən onun portreti ABŞ-ın 100 dollarlıq pul əsginaslarının üzərində təsvir olunur.

 

 

KONSTANTİN STANİSLAVSKİ

 (1863-1938)

 

SSRİ xalq artisti, aktyor və rejissor Konstantin Sergeyeviç Stanislavski 17 yanvar 1863-cü ildə Moskvada doğulub. İlk təhsilini evdə alıb, 13 yaşından sonra gimnaziyada oxuyub. O, teatr haqqında müasir elmin banisi, teatr tarixində ilk bitkin məktəbin və ardıcıl təlimin yaradıcısıdır. Aktyor kimi 1877-ci ildən ev tamaşalarında, sonralar “Alekseyev dərnəyi”ndə oynanılan vodevil və operettalarda çıxış edib. 1898-ci ildə Nemiroviç-Dançenko ilə birlikdə Moskva Bədaye Teatrını təşkil edib. Yaratdığı tamaşalar orijinallığı, səhnə təcəssümünün kamilliyi ilə yanaşı, sosial kəskinliyi ilə də fərqlənib. Onun fəaliyyəti XX əsrin əvvəllərində çalışan rejissorlara və aktyorlara güclü təsir göstərib. Konstantin Stanislavski 1938-ci il avqustun 7-də Moskvada vəfat edib.

 

 

AL KAPONE

(1899-1947)

                 

ABŞ-ın ən məşhur mafiya rəhbəri, Al Kapone kimi tanınan Alfons Qabriel 1899-cu ilin bu günü Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. 6-cı sinifdən sonra orta məktəbi tərk edərək, mafiya dəstələrinə üzv olub. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik edib və ABŞ iqtisadiyyatının çətin günlər yaşadığı bir vaxtda qanunsuz içkilər sataraq öz maddi imkanını yaxşılaşdırıb. İşlədiyi digər cinayətlərə görə yaxalanması mümkün olmayıb, vergidən yayınma ittihamı ilə 22 oktyabr 1931-ci ildə 11 il həbs cəzası alıb və Alkatraz həbsxanasına göndərilib. 1941-ci ildə sifilisin ağır formasına yoluxan Al Kapone həbsdən çıxdıqdan sonra bir daha mafiya işlərinə qayıtmayıb və 25 yanvar 1947-ci ildə Floridada dünyasını dəyişib.

 

 

MƏDİNƏ GÜLGÜN

(1926-1991)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şairə Mədinə Nurulla qızı Ələkbərzadə (Mədinə Gülgün) 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. Burada ibtidai məktəbi bitirdikdən sonra 1938-ci ildə ailəliklə Güney Azərbaycanın Ərdəbil şəhərinə köçüb. Sonra Təbriz şəhərində yaşayıb, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlayıb. Sonralar Təbriz Dram Teatrında çalışıb, "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1945-1946-cı illər Cənubi Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olub. Milli hökumət süqut etdikdən sonra Bakıya gəlib, ömrünün sonuna qədər bədii yaradıcılıqla məşğul olub. 1948-1952-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. 20-dən çox şeir kitabı çap olunub. Azərbaycanın xalq şairi Balaş Azəroğlu ilə evli olan Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MƏHƏMMƏD ƏLİ

(1942-2016)

 

"Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən Afro-Amerikan və İrlandiya əsilli əfsanəvi peşəkar ABŞ boksçusu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Əsl adı Kassius Marsellus Kley olan boksçu 12 yaşından həvəskar boksla məşğul olaraq, bir neçə ay ərzində ştatlararası məşhur "Qızıl Əlcək" turnirinin qalibi olub. O, boksçular arasında bu turnirin 6 dəfə qalibi olan yeganə idmançıdır. 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında ilk böyük qələbəsini qazanıb və qızıl medala sahib olub. 1960-cı ilədək həvəskar karyerası ərzində keçirdiyi 105 döyüşün 100-də qələbə qazanaraq, yalnız 5 döyüşdə məğlub olub. 1964-cü ildə Sonni Listonu məğlub edərək dünya çempionu olduqdan sonra İslamı qəbul edib. 1981-ci ildə Trevor Berbikə uduzaraq peşəkar karyerasını bitirib. 2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə ABŞ prezidenti Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilib. Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli 3 iyun 2016-cı ildə Arizonada dünyasını dəyişib.

 

 

MEHRAC MAHMUDOV

               (1958-1994)

 

Şəhid Mehrac Məhəmməd oğlu Mahmudov 17 yanvar 1958-ci ildə Tərtər rayonunun Səhləbad kəndində dünyaya gəlib. Orta təhsilini həmin kənd orta məktəbində alıb, 1977-1979-cu illərdə sovet ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmətdə olub. Texnologiya İnstitutunu bitirib, sərbəst güləş üzrə usta olub. 2 aprel 1993-cü ildə çavuş rütbəli vzvod komandiri kimi qardaşı Arifin xidmət etdiyi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edilib. 1993-cü ilin sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərib. Mehrac Mahmudov 23 aprel 1994-cü ildə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. Azərbaycan Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

 

NİZAMİ ƏLƏKBƏROV

(1978-1997)

 

Şəhid Nizami Səfi oğlu Ələkbərov 1978-ci il yanvarın 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1992-ci ildə Quzanlıdakı məktəbi bitirib. 1995-ci il iyulun 27-də hərbi xidmətə yollanıb və "N" saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1997-ci ilin aprel ayında döyüş tapşırığını yerinə yetirmək üçün döyüş bölgəsinə göndərilib. 7 nəfər kəşfiyyatçı ilə birgə düşmənin arxa cəbhəsinə keçib. Üç gün davam edən döyüşdə xeyli sayda erməni hərbçisini məhv etsələr də, güllələri qurtardığına görə düşmən əlinə keçməmək üçün qumbara ilə özlərini partladaraq həlak olublar. Onların meyitləri yalnız 1997-ci ilin oktyabr ayında geri alınıb və oktyabrın 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Nizami Ələkbərov Azərbaycan Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

 

CEYHUN CAMALOV

(1983)

 

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ceyhun Fikrət oğlu Camalov 1983-cü ilin bu günü Quba rayonunun Yenikənd kəndində anadan olub. 1999-cu ildə şəhid Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbini və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində xüsusi təyinatlı kimi şücaət göstərib. Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

 

 

ƏHƏD AĞAYEV

(1986-2020)

 

Şəhid Əhəd Bilal oğlu Ağayev 1986-cı il yanvarın 17-də Astara rayonunun Motalayataq kəndində anadan olub. 2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb. Əsgər Əhəd Ağayev noyabrın 1-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SÜBHAN ƏZİZOV

(1999-2020)

 

Şəhid Sübhan Məmməd oğlu Əzizov 17 yanvar 1999-cu ildə Salyan rayonunun Dayıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Dəmir Yolu Liseyində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və noyabrın 7-də qəhrəmancasına şəhid olub. Əsgər Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

BÖYÜKAĞA MƏMMƏDOV 

(1927-2018)

 

Azərbaycanın xalq artisti, rəqqas Böyükağa Məmmədovun anım günüdür. Mirməmməd Mircəfər oğlu Məmmədov 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti, Texniki və bədii yaradıcılıq evi, Yuri Qaqarin adına Pionerlər Sarayı rəqs kollektivlərinin bədii rəhbəri olub, Dövlət Mahnı və Rəqs Ansamblında  işləyib. 1960-cı ildən “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. Azərbaycan rəqslərini Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan, ümumilikdə 123 ölkədə təmsil edib. Bir sıra məşhur filmlərimizdə də rəqslərə quruluş verib. Əməkdar müəllim fəxri adına layiq görülən Böyükağa Məmmədov 17 yanvar 2018-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

MEHMET ƏLİ BİRAND 

(1941-2013)

 

Məşhur türkiyəli jurnalist, yazıçı və xəbər aparıcısı Mehmet Əli Birand da bu gün xatırlanır. O, 9 dekabr 1941-ci ildə İstanbulda anadan olub. Qalatasaray Liseyində təhsil alıb. Peşəkar jurnalist fəaliyyətinə 1964-cü ildə “Milliyet “qəzetində fəaliyyətə başlayıb. “32-ci gün” teleproqramı ilə TRT və Show TV kanallarında çıxış edib. 1992-1995-ci illərdə Show TV-də hava xəbərlərində aparıcılıq edib. Fransız və ingilis dillərini bilən aparıcı həm də Belçika vətəndaşı olub. Mehmet Əli Birand 2013-cü il yanvarın 17-də İstanbul Amerikan Xəstəxanasında mədəaltı vəzin xərçəngindən vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım