00:01 18-Fevral-2021 95
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.02.2021

ƏLİAĞA VAHİD

(1894-1965)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, Füzuli ənənələrinin ən layiqli davamçılarından olan şair Əliağa Məmmədqulu oğlu İsgəndərov 1894-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. “Vahid” təxəllüsünü ona istedadına görə Mirzə Əbdülxalıq Yusif verib. 1914-1915-ci illərdən ilk şeirlərini çap etdirməyə başlayıb. Satirik şerləri, qəzəlləri, meyxanaları, felyetonları “İqbal”, “Zəhmət”, “Bəsirət”, “Tuti”, “Məzəli” və s. qəzet-jurnallarda dərc olunub. Azərbaycanda müğənnilərin böyük əksəriyyəti Vahidin şeir və qəzəllərini öz repertuarına daxil edib. O, qəzəlxan və meyxanaçı şair kimi bütün Şərqdə məşhurlaşıb. Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

OSMAN HACIBƏYOV

(1924-1979)

 

Azərbaycanın əməkdar artisti, teatr aktyoru Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində doğulub. Orta məktəbin yeddinci sinfini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Həmin vaxtdan başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1948-1979-cu illərdə Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. Osman Hacıbəyov 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

 

 

NƏRİMAN HƏSƏNZADƏ 

(1931)

                  

Azərbaycanın xalq şairi, dramaturq, əməkdar incəsənət xadimi Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu stansiyasında anadan olub. 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, 1961-ci ildə isə ikinci ali təhsil olaraq Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, həmçinin Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində işləyib. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin katibi olan Nəriman Həsənzadə 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi və ədəbi-tənqidi məqalələr kitabının müəllifidir, 100-dən artıq şeirinə musiqi bəstələnib. “Şərəf nişanı” və “Şöhrət” ordenləri ilə təltif olunub, Prezident təqaüdçüsüdür.

 

 

HƏSƏN DƏMİRÇİ

 (1941-2018)

 

Güney Azərbaycanın tanınmış şairi, yazıçı, incəsənət xadimi, milli-mədəni fəal və musiqi müəllimi Həsən Dəmirçi 1941-ci ilin bu günü Təbrizdə dünyaya göz açıb. Bütün ömrünü milli musiqinin təbliğinə və ictimai-siyasi məsələlərə həsr edib. Bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verilib. 1986-cı ildə professor Məhəmmədtağı Zehtabi ilə birlikdə Təbrizdə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyinin qurucularından biri olub və dərnəyin musiqi bölümü üzrə məsul şəxsi seçilib. Dəfələrlə həbs edilib və Təbrizdə dərs dediyi musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə bağlanıb. Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabının müəllifidir. İran Azərbaycanından əlavə, Türkiyə və Avropada keçirilən müxtəlif tədbirlərdə, TRT-nin yayımladığı proqramlarda öz musiqi qrupu ilə birlikdə iştirak edib. Həsən Dəmirçi 24 iyun 2018-ci ildə Təbriz şəhərində vəfat edib.

 

 

FAZİL QURBANOV 

(1944-2020)

 

AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olub. Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Cərrahiyyə qrupunun elmi işçisi, Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi bölməsinin rəhbəri kimi fəaliyyətə başlayıb, Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının professoru olub. 230-dan çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, 18 ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər və 14 fəlsəfə doktoru hazırlanıb. 1999-cu ildən Moskvada yaşayan akademik Rusiyadakı Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının rəhbəri olub. Fazil Qurbanov 23 dekabr 2020-ci ildə Moskvada vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

 

 

TEHRAN VƏLİYEV

(1954-2015)

 

 

Tərcüməçi, jurnalist və redaktor Tehran İmran oğlu Vəliyev 1954-cü il fevralın 18-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. Həmin rayondakı Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra Azərbaycan SSR Dövlət Plan Komitəsinin "Texniki tərəqqi uğrunda" jurnalında ədəbi işçi, müxtəlif illərdə jurnallarda, qəzetlərdə, nəşriyyatlarda tərcüməçi, şöbə müdiri, redaktor, baş redaktor, müdir müavini vəzifələrində çalışıb. 2006-cı ildən 2015-ci ilədək Mədəniyyət və Turizm Nazirliyinin əvvəlcə Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin informasiya və reklam sektorunun müdiri, daha sonra isə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin nəşriyyat sektorunun müdiri işləyib. Selincer və Folknerin Azərbaycanda ən yaxşı tərcüməçilərindən hesab olunan Tehran Vəliyev 2015-ci il fevralın 18-də Bakıda dünyasını dəyişib.

 

 

EMİL MƏLİKOV

(1971-1991)

      

 

Şəhid Emil Amən oğlu Məlikov 1971-ci il fevralın bu günü Bakı şəhərində doğulub. 1988-ci ildə məktəbi bitirdikdən sonra Minsk Ali Ümumqoşun Siyasi Məktəbinə daxil olub. 1990-cı il 20 Yanvar hadisəsi zamanı vicdan əzabı çəkdiyi üçün təhsilini yarımçıq qoyub, vətənə qayıdıb və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-hüquq fakültəsinə daxil olub. Könüllü olaraq Daxili Qoşunlarda hərbi xidmətə qəbul edilib, Lənkəranda yerləşən hərbi hissəyə göndərilib. Orada Vətən qarşısında nümunəvi xidmətə görə leytenant rütbəsinə layiq görülüb. Emil Məlikov 1991-ci il fevralın 5-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Prezidentinin 9 mart 2007-ci il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

 

 

İBRAHİM İBRAHİMOV

(1992-2020)

 

Şəhid  İbrahim Etibar oğlu İbrahimov 1992-ci il fevralın 18-də Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 28 sentyabr 2020-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində Vətən Müharibəsinə qatılıb. Əsgər İbrahim İbrahimov sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

FİRDOVSİ TAHİROV 

(1997-2020)

 

Şəhid Firdovsi Balaxan oğlu Tahirov 18 fevral 1997-ci ildə Lerik rayonunun Dico kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində təhsil alıb.  2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdəki nailiyyətlərinə görə Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilib, daha sonra Cəlilabad rayonunda Xüsusi Təyinatlı Qüvvələrin yerli bölümündə xidmətini davam edib. 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin iştirakçısı olub. Əsgər Firdovsi Tahirov sentyabrın 27-də başlayan Vətən Müharibəsinə qatılıb və bir gün sonra Murovdağ zirvəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

 

ƏLİ ZÜLALOV 

(1893-1963)

 

Azərbaycanın əməkdar artisti, opera müğənnisi Əli Əbdül oğlu Zülalovun anım günüdür. O,  1893-cü il sentyabrın 13-də Şuşa şəhərində anadan olub. Şuşa realnı məktəbində, Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasında atıb. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri olub. Uzun illər Azərbaycan Opera və Balet Teatrında işləyib, bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Əli Zülalov 1963-cü il fevralın 18-də Bakıda vəfat edib.

 

 

ƏZİZAĞA QASIMOV

(1928-1985)

 

    

Azərbaycanın əməkdar artisti, aktyor Əzizağa (Ağababa) Qasım oğlu Qasımov da bu gün xatırlanır. O, 1 iyun 1928-ci ildə Bakıda anadan olub. 1946-cı ildə Bakı Teatr Məktəbinə daxil olub, eyni zamanda Bakı Sənaye-Pedaqoji Texnikumunu bitirib. Tələbə olarkən Akademik Teatrın yardımçı heyətində, bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib. Teatrın aktyor truppasına solist dəvət olunub və ömrünün sonuna kimi bu kollektivdə çalışıb. Teatr yaradıcılığı ilə yanaşı, bir sıra filmlərdə və televiziya tamaşalarında da çəkilib. Əzizağa Qasımov 1985-ci il fevralın 18-də Bakıda vəfat edib.

 

 

ELÇİN MƏMMƏDOV

(1946-2001)

 

Əməkdar incəsənət xadimi, rəssam, aktyor Elçin Mehdi oğlu Məmmədovun xatirə günüdür. O, 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskaya kimi sənətkarların ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. İlk dəfə uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva və Arxangelskdə 100-dən çox tamaşada rəssamlıq edib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. "Yeddi oğul istərəm" (Mirpaşa), "Dədə Qorqud" (Qaraca çoban), "Dantenin yubileyi" (Səyavuş) və başqa filmlərdə çəkilən Elçin Məmmədov 2001-ci ildə Bakıda vəfat edib.

 

 

BƏYLƏR MƏMMƏDOV

(1971-1993)

 

Şəhid Bəylər Eldar oğlu Məmmədovun anım günüdür. O, 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində doğma yurdundan Daşkəsən rayonunun Bayan kəndinə pənah gətirib. 1992-ci il aprelin 1-də könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Ağdamda gedən döyüşlərdə şəhid olub və Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə Bəylər Məmmədov ölümündən sonra “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım