00:01 22-Yanvar-2021 189
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.01.2021

20 YANVAR ŞƏHİDLƏRİNİN DƏFN MƏRASİMİ

(1990)

 

22 yanvar 1990-cı ildə Bakıda Qanlı Yanvar faciəsi qurbanlarının – şəhidlərin dəfn mərasimi keçirilib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı həmin gün paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlərimiz iki milyondan artıq insanın iştirakı ilə sonuncu mənzilə yola salınıb və 1918-ci ilin mart soyqırımı qurbanlarının dəfn olunduğu, SSRİ dövründə Dağüstü Park adlandırılan ərazidə dəfn olunub. Qətliama etiraz əlaməti olaraq Azərbaycanda 40 günlük ümumrespublika tətili elan olunub.

 

 

BƏHRUZ KƏNGƏRLİ

      (1892-1922)

 

Azərbaycan rəngkarlıq sənətində novatorluğa yol açmış rəssam Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. Uşaq yaşlarında eşitmə qabiliyyətini itirib və bütün vaxtını şəkil çəkməyə sərf edib. 1910-1915-ci illərdə Tiflis Rəssamlıq Məktəbində təhsil aldıqdan sonra Naxçıvana qayıdıb. Azərbaycanda realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması onun adı ilə bağlıdır. Yaradıcılığının ilk dövründə karikatura və satirik rəsmlər, memarlıq abidələri, mənzərə və məişət səhnələrini əks etdirən rəngkarlıq əsərləri yaradıb. Əsərləri Azərbaycanın bir çox muzeylərini bəzəyir. 1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə 500-ə yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilib. Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda vəfat edib.

 

 

LEV LANDAU 

      (1908-1968)

 

Nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş məşhur sovet fiziki Lev Davidoviç Landau 1908-ci ilin bu günü Bakıda yəhudi ailəsində doğulub, orta təhsilini də burada alıb. 14 yaşında Bakı Dövlət Universitetinin eyni zamanda iki fakültəsinə – fizika-riyaziyyat və kimya fakültələrinə qəbul olunub. Sonra təhsilini Leninqradda davam etdirib. Leninqrad Universitetini bitirdikdən sonra Danimarka, İngiltərə və İsveçrəyə ezam olunub. 1938-1939-cu illərdə repressiya olunub, yalnız dünya şöhrətli danimarkalı fizik Nils Borun Stalinə məktubundan sonra azadlığa buraxılıb. O, nəzəriyyəçi fiziklər məktəbinin banisidir. ABŞ, Danimarka, Böyük Britaniya, Fransa və Hollandiya Akademiyalarının həqiqi üzvü olub. 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb. 1962-ci ilin 7 yanvarında avtomobil qəzasına düşən Lev Landau bir daha əvvəlki fəaliyyətini bərpa edə bilməyib və 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat edib. 1972-ci ildə kəşf olunan asteroid və Aydakı kraterlərdən birinə görkəmli həmyerlimizin adı verilib. Bakıda onun yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Bakı küçələrindən biri Landaunun adını daşıyır.

 

 

HƏZİ ASLANOV

      (1910-1945)

 

Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 22 yanvar 1910-cu ildə Lənkəranda anadan olub. 13 yaşında atasını itirdikdən sonra kərpic zavodunda fəhlə işləməyə başlayıb. İlyarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib, orada rota qəzetinin redaktoru olub. Buranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İkinci Dünya müharibəsinə qədər sovet ordusunda vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıcılıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziya komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1941-ci ildə Moskva ətrafındakı hərbi əməliyyatlarda göstərdiyi təşkilatçılıq bacarığına və şəxsi igidliyinə görə polkovnik rütbəsi alıb. 1942-ci ildə Stalinqrad döyüşündə yüksək komandirlik məharəti ilə daha böyük şöhrət qazanıb və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Sonralar onun alayı Rostov, Taqanroq şəhərlərinin azad olunmasında, Kursk döyüşündə fəal iştirak edib. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Yelqava şəhəri uğrunda döyüşdə qəhrəmancasına həlak olduqdan sonra erməni general Baqramyanın cəhdi ilə bu məsələ diqqətdən kənarda qalıb. Yalnız 1991-ci ildə azərbaycanlı tədqiqatçıların səyləri nəticəsində Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

 

 

HACI İSMAYILOV 

       (1944)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Hacı Məcid oğlu İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda dünyaya gəlib. 1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabrın 2-də gənc truppada fəaliyyətə başlayıb. "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 1980-ci ildə Dövlət Mükafatına layiq görülüb. 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.

 

 

MAHAL İSMAYILOĞLU

(1957-2015)

 

Müasir Azərbaycanın jurnalistikasının banilərindən biri Mahal İsmayıl oğlu Sadıqov 1957-ci ilin bu günü Qərbi Azərbaycanın Kalinino rayonunun Evli kəndində anadan olub. Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbində və Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Sakit okean donanmasının “Boyevaya vaxta” və “Sovet Ermənistanı” qəzetlərində müxbir, “Azərbaycanfilm” kinostudiyasında, Neft və Kimya İnstitutunun qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycanda ilk azad mətbu orqanlardan olan “Aydınlıq” qəzetinin yaradıcılarından biri, “Xalq qəzeti”nin baş redaktoru olub. Mahal İsmayıloğlu 2015-ci il avqustun 28-də Bakıda dünyasını dəyişib və Ramana qəbiristanlığında dəfn edilib.

 

 

FƏXRƏDDİN ŞAHBAZOV

      (1950-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin İbrahim oğlu Şahbazov 22 yanvar 1950-ci ildə Bakıda doğulub, burada orta təhsil alıb. 1969-1971-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin olduğu vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində həlak olanlar arasında Fəxrəddin Şahbazov da olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı və İmişli şəhərlərindəki küçələrdən biri onun adını daşıyır.

 

 

AZAD MİRZƏYEV 

(1961-1990)

 

Şəhid Azad Əliheydər oğlu Mirzəyev 22 yanvar 1961-ci ildə Lənkəranda anadan olub. Nəsimi Rayon İctimai İaşə İdarəsində işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçədə atəş səsləri eşidən zaman eyvana çıxıb və sovet əsgərlərinin açdığı atəş nəticəsində yerindəcə vəfat edib. Azad Mirzəyev Bakının Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

LAÇIN ALIYEV

(1992-2020)

 

Şəhid Laçın Rasim oğlu Alıyev 1992-ci il yanvarın 22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında əvvəlcə müddətli, daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Laçın Alıyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub və Goranboy rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

TƏRLAN EYNİYEV

(1993-2020)

 

Şəhid  Tərlan Gölişad oğlu Eyniyev 1993-cü ilin bu günü Yardımlı rayonunun Zevin kəndində anadan olub. Azərbaycan Ordusunun Daxili Qoşunlarının çavuşu olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tərlan Eyniyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və Şüvəlanın Qala kənd məzarlığında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

ALBABA XANƏLİYEV

(2002-2020)

 

Şəhid Albaba Elşən oğlu Xanəliyev 22 yanvar 2002-ci ildə Salyan rayonunun Təzəkənd kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və noyabrın 5-də şəhid olub. Əsgər Albaba Xanəliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

ELÇİN QURBANOV 

(2002-2020)

 

Şəhid Elçin Məcid oğlu Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Kənd orta məktəbində təhsil aldıqdan sonra hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Əsgər Elçin Qurbanov noyabrın 4-də Şuşa döyüşlərində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

MƏŞƏDİ MƏLİK BƏY MANSUROV 

(1845-1909)

 

Bakı muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəy Ağa Salah bəy oğlu Mansurovun anım günüdür. O, 1845-ci ildə Bakıda, İçərişəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açıb. Yazıb-oxumağı uşaq yaşlarından mədrəsədə, daha sonra tar, kamança, cürə sazı, qarmon və dəfdə çalmağı öyrənib. 18 yaşında Bakı muğam məclislərinin təməlini qoyub və yaradıcısı olub. Onun İçərişəhərdəki evində ilk muğam məclisi 1863-cü ildə təşkil olunub. Bu məclislər qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi-tədqiqi və geniş yayılmasında önəmli rol oynayıb. Məşədi Məlik bəy Mansurov 1909-cu il yanvarın 22-də Bakıda vəfat edib. O, Azərbaycan musiqisinin tədqiqatçısı Məşədi Süleyman bəy Mansurovun və Azərbaycanın əməkdar incəsənət xadimi, tarzən Mirzə Mansur Mansurovun atası, Azərbaycanın xalq artisti, tarzən Bəhram Mansurovun və tarzən Nadir Mansurovun babası, Azərbaycan xalq artisti, bəstəkar Eldar Mansurov, Azərbaycanın əməkdar artisti, tarzən Elxan Mansurov və kinooperator Aydın Mansurovun ulu babasıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım