00:01 23-Aprel-2021 105
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 23.04.2021

YUSİF MUXTAROV

(1941-2010)

 

Azərbaycanın xalq artisti, aktyor və teatr xadimi Yusif Mehdi oğlu Muxtarov 1941-ci il aprelin 23-də anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor kimi başlayıb, İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1992-ci ildən isə Bakı Bələdiyyə Teatrının icraçı direktoru olub. “Qəribə adam”, “İki qardaş”, “Vaqif”, “Xoşbəxtlər”, “Bayramın ilk günü”, “Duel”, “On iki manatlıq lüstr”, “Söyüdlü arx” kimi televiziya tamaşalarında və “Baladadaşın məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində yaddaqalan obrazlar yaradıb. Azərbaycan radiosunun qızıl fondunda onun səsi olan 350-dən artıq bədii veriliş saxlanmaqdadır. Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı olan Yusif Muxtarov 26 aprel 2010-cu ildə vəfat edib.

 

 

YURİ BALİYEV

(1949-2018)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Yuri Nikolayeviç Baliyev 23 aprel 1949-cu ildə Dağıstanda doğulub. 1975-ci ildə Yaroslavl Teatr Məktəbinin aktyorluq fakültəsini bitirib. Həmin ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. “Kral Lir”, “Qağayı”, “İsanın anası”, “Cəhənnəm sakinləri”, “Teleskop”, “Qurdlar və quzular”, “Gözəl kişi”, “Əli və Nino” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" kimi filmlərdə də oynayıb. Yuri Baliyev 27 mart 2018-ci ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

 

CAVANŞİR CƏFƏROV

(1953)

 

Azərbaycanın xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cə­fə­rov 1953-cü il­ aprelin 23-də Ba­kıda ana­dan ol­ub. 1972-ci il­də Asəf Zey­nal­lı adı­na Ba­kı Mu­si­qi Tex­ni­ku­mu­nu, 1977-ci il­də isə Sankt-Pe­ter­burq Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın di­ri­jor­luq fa­kül­tə­si­ni bi­tir­ib. Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­na xor­meys­te­r, baş di­ri­jo­r, Mu­si­qi­li Ko­me­di­ya Te­at­rı­nın di­ri­jo­ru, Bakı Musiqi Akademiyasında müəllim və­zi­fə­lərində çalışıb. 1996-cı ildən Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın baş di­ri­jo­ru işləyib. Prezident təqaüdçüsü Cavanşir Cəfərov haqqında 2019-cu ildə "Danışan əllər" sənədli filmi çəkilib.

 

 

RUSLAN NƏRİMANZADƏ 

(1995-2020)

 

Şəhid Ruslan İlqar oğlu Nərimanzadə 1995-ci ilin bu günü Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2013-2015-ci həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ruslan Nərimanzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ÜLVİ ABIŞOV

(1997-2020)

 

Şəhid Ülvi Bayram oğlu Abışov 23 aprel 1997-ci ildə Şəki rayonunun Turan qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Ülvi Abışov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub, Şəki rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SÜBHAN ƏBİLZADƏ 

(1998-2020)

 

Şəhid Sübhan Arif oğlu Əbilzadə 1998-ci il aprelin 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ilin noyabr ayında xidmətini müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Hadrut, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik çavuş Sübhan Əbilzadə noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAVİD ABDULLAYEV

(2000-2020)

 

Şəhid Cavid Vahid oğlu Abdullayev 2000-ci ilin bu günü Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Kənd orta məktəbində və Qax peşə liseyində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Cavid Abdullayev oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub və dekabrın 13-də doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏLİƏKBƏR BƏNDƏLİYEV

(2001-2020)

 

Şəhid Əliəkbər Qulu oğlu Bəndəliyev 23 aprel 2001-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Suqovuşan və Hadrut uğrunda döyüşlərdə iştirak edib. Əsgər Əliəkbər Bəndəliyev oktyabrın 10-da şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

HƏSƏNAĞA ŞİRVANİ

(2002-2020)

 

Şəhid Həsənağa Bəhruz oğlu Şirvani 2002-ci il aprelin 23-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Həsənağa Şirvani 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

MİRƏLİ QAŞQAY

(1907-1977)

 

Azərbaycan EA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi Mirəli Seyidəli oğlu Qaşqayın anım günüdür. O, 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun dağ-mədən fakültəsini bitirib və SSRİ EA-nın Petroqrafiya İnstitutunun aspiranturasına daxil olub. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqlarını kəşf edib, Azərbaycanda 220-yə yaxın mineral və termal mənbələrin olduğunu müəyyənləşdirib. 1945-ci ildə Azərbaycan EA-nın təsisçilərindən biri və Akademiyanın ilk akademik-katibi olub. Mirəli Qaşqay 1977-ci ilin aprelində Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MƏSTAN ƏLİYEV

(1918-1945)

 

Bu gün Sovet İttifaqı Qəhrəmanı Məstan Aslan oğlu Əliyevin anım günüdür. O, 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olub. Kənd məktəbində müəllim işləyib. 1939-cu ildə hərbi xidmətə çağırılıb. İkinci Dünya müharibəsində müxtəlif cəbhələrdə döyüşlərdə iştirak edib. Məstan Əliyev 1945-ci ilin aprelində Berlin uğrunda döyüşlərdə həlak olub. 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Doğulduğu kəndin orta məktəbi onun adını daşıyır.

 

 

MİDHƏT ABBASOV

(1926-2012)

 

AMEA-nın həqiqi üzvü, Rusiya EA-nın müxbir üzvü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Midhət Teymur oğlu Abbasovun xatirə günüdür. O, 31 iyul 1926-cı ildə Bakıda dünyaya gəlib. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirib. 1951-ci ildən Azərbaycan EA-da işləyib, müxtəlif illərdə laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, direktor, akademik-katib, AMEA-nın vitse-prezidenti kimi vəzifələrdə işləyib. Eyni zamanda SSRİ Ali Sovetinin deputatı, Azərbaycanın dövlət katibi olub. Neft və qaz yataqlarının nəzəriyyəsi və işlənməsi onun tədqiqat sahələrindəndir, bu sahədə məşhur elmi məktəbin yaradıcısı və rəhbəri olub. 640-dan çox elmi əsərin, 20 monoqrafiyanın, 43 müəlliflik şəhadətnaməsinin və 6 patentin müəllifidir. Dövlət Mükafatına, müxtəlif orden və medallara layiq görülən Midhət Abbasov 2012-ci ilin aprelində Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

BORİS YELTSİN

      (1931-2007)

 

Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin anım günüdür. O, 1931-ci il fevralın 1-də Sverdlovsk vilayətinin Butka kəndində dünyaya gəlib. 1955-ci ildə Ural Politexnik İnstitutunu bitirib. Rusiya KP MK Sverdlovsk vilayəti komitəsinin birinci katibi işləyib, sonradan Moskvaya partiya işinə göndərilib. Orada Sov.İKP MK-nın inşaat şöbəsinin müdiri, sonradan katibi və nəhayət,  Moskva şəhər Partiya Komitəsinin rəhbəri işləyib. 1987-ci ildə SSRİ-nin o dövrdəki partiya rəhbərliyini tənqid etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb və siyasətə bir daha 1989-cu ildə, yenidənqurma və islahatlar dövründə qayıdıb. O zamankı ilk demokratik seçkilərdə SSRİ Ali Sovetinin xalq deputatı, 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilib. 1999-cu il dekabrın 31-də istefa verib və Vladimir Putini özünün xələfi kimi ictimaiyyətə təqdim edib. Boris Yeltsin 23 aprel 2007-ci ildə Moskva Mərkəzi Kliniki Xəstəxanasında vəfat edib.

 

 

KAMAL XUDAVERDİYEV

(1938-2008)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Kamal Ağahüseyn oğlu Xudaverdiyev də bu gün xatırlanır. O, 3 may 1938-ci ildə Bakıda doğulub. 1965-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Azərbaycan Dövlət Televiziyasında da fəaliyyət göstərib. «Orlean qızı», «Xurşidbanu Natəvan», «Kölgələrin oyunu», «Yollara iz düşür», «Atayevlər ailəsində», «Bayramın son günü» və başqa tamaşalarda çıxış edib. Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir», «Ən vacib müsahibə», «Dağlarda döyüş», «Nəsimi», «Üzü küləyə», «Adanı özünlə apara bilməzsən», «Dədə Qorqud» filmlərində fərqli obrazlara çəkilib. Kamal Xudaverdiyev 2008-ci ilin aprelində vəfat edib.

 

 

ANAR MƏMMƏDXANOV

(1970-2011)

 

Azərbaycanın tanınmış ictimai xadimi Anar Camali oğlu Məmmədxanovun anım günüdür. O, 20 iyul 1970-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub. 1992, 1993 və 1995-ci illərdə “Bakılı oğlanlar” komandası ilə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsrin çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. Birinci və ikinci çağırış Milli Məclisin deputatı seçilib. Anar Məmmədxanov 2011-ci il aprelin 23-də Bakıda vəfat edib və “Qurd Qapısı” qəbiristanlığında dəfn olunub.

 

 

MEHRAC MAHMUDOV

(1958-1994)

 

Şəhid Mehrac Məhəmməd oğlu Mahmudovun xatirə günüdür. O, 1958-ci il yanvarın 17-də Tərtər rayonunun Səhləbad kəndində dünyaya gəlib. Orta təhsilini kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib, sərbəst güləş üzrə usta dərəcəsi alıb. 2 aprel 1993-cü ildə çavuş rütbəli vzvod komandiri kimi qardaşı Arifin xidmət etdiyi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edilib. 1993-cü ilin sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərib. Mehrac Mahmudov 1994-cü ilin aprelində Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. 24 iyun 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

 

TƏBRİZ HƏSƏNOV

(1996-2016)

 

Şəhid Təbriz Bəxtiyar oğlu Həsənovun anım günüdür. O, 1996-cı il yanvarın 27-də Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgər Təbriz Həsənov 2016-cı il aprelin 23-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Bakının Qaradağ rayonunda dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım