00:01 28-Yanvar-2021 364
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.01.2021

ŞUŞA YAXINLIĞINDA Mİ-8 VERTOLYOTUNUN VURULMASI 

          (1992)

 

1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mi-8 tipli mülki vertolyot Xəlfəli kəndi üzərində vurulub. Erməni silahlı birləşmələrinin Xankəndi istiqamətindən açdığı atəş nəticəsində vurulan vertolyotda 41 sərnişin və 3 ekipaj üzvü olub. Əksəriyyəti qadın və uşaqlar olan sərnişinlər və ekipaj üzvləri - 44 nəfərin hamısı həlak olub. Bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.

 

 

RƏŞİD BƏY AXUNDOV

  (1854-1909)

 

Mühəndis, poliqlot, tərcüməçi Rəşid bəy Mirzə Fətəli oğlu Axundov 28 yanvar 1854-cü ildə Tiflis şəhərində anadan olub. 1872-ci ildə Tiflis klassik gimnaziyasını bitirib. 1874-cü ildə ali təhsil almaq üçün Brüsselə gedib, lakin 1882-ci ildə kursu bitirmədən Tiflisə qayıdıb, az sonra təhsilini bitirmək üçün Peterburqa gedib və yol mühəndisi olub. 1883-1884-cü illərdə Tiflisə dönərək Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayıb. 1905-ci ildə həm də quberniya katibi olub. Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü idi. Fransız sosialistləri ilə əlaqədə şübhəli bilinib, polis nəzarəti altında yaşayıb. Rəşid bəy Axundov 1909-cu ildə düşdüyü depressiya səbəbindən tapançadan atəş açaraq özünü öldürüb.

 

 

ADİL BABAYEV

   (1925-1977)

 

Şair, tərcüməçi, dramaturq Adil Qafar oğlu Babayev 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində doğulub. 1931-1938-ci illərdə orada orta məktəbdə təhsil alıb, sonra Tiflis şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirib. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub. 1943-cü ildə Tiflisdə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub. Ədəbi yaradıcılığa 1939-cu ildən başlayıb. 1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi, 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olub. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. Teatrşünaslığa və kino sənətinə dair bir neçə monoqrafiyanın müəllifidir. Adil Babayev 1977-ci il avqustun 19-da Bakıda vəfat edib.

 

 

CƏLİL SƏFƏROV

        (1962-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov 1962-ci ilin bu günü Borçalıda, Marneuli rayonunun Lejbəddin kəndində anadan olub. 1969-1977-ci illərdə Sumqayıtdakı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul edilib. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olub. 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyib, 8 il sonra Azərbaycana qayıdıb. Şuşa cəbhəsində erməni silahlı qüvvələrinin məhv edilməsinə başçılıq edib. Cəlil Səfərov 15 may 1992-ci ildə Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Cəlil Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Sumqayıtdakı 10 saylı orta məktəb onun adını daşıyır, Marneuli şəhərində abidəsi ucaldılıb.

 

 

RAMİL QULİYEV 

(1981-2020)

 

Şəhid Ramil Nuralı oğlu Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günündə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və Kürdəmir rayonunda dəfn edilib. Azərbaycan Ordusunun baş giziri olan Ramil Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

SEYMUR SƏRXOŞOV 

(1987-2020)

 

Şəhid Seymur Ramiz oğlu Sərxoşov 28 yanvar 1987-ci ildə Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dünyaya göz açıb. Şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə və Azərbaycan Texniki Universitetində təhsil alıb. 2008-ci ildə Qazax rayonunda xidmət edib, daha sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü qatılıb. Seymur Sərxoşov oktyabrın 14-də Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və yaşadığı Qızıldaş qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

SƏİD RƏŞİDZADƏ

(1990-2020)

 

Şəhid Səid Nofəl oğlu Rəşidzadə 1990-cı ilin bu günü Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Bakının Nərimanov rayonunda 207 nömrəli tam orta məktəbdə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib, 2016-cı ilin aprel döyüşlərində general Polad Həşimovla çiyin-çiyinə savaşıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq yollanıb. Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsinə Azərbaycan bayrağını sancan zaman şəhid olub və Füzuli rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

TEYMUR HACIYEV

(1991-2020)

 

Şəhid Teymur Zaur oğlu Hacıyev 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun baş giziri olan Teymur Hacıyev noyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub və Qazax rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

ARAZ CƏFƏROV

(1993-2020)

 

Şəhid Araz Səmədağa oğlu Cəfərov 1993-cü il yanvarın 28-də  Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. Kənd orta məktəbində təhsilini alıb. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı bir sıra döyüşlərdə iştirak edib və Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Araz Cəfərov dekabrın 2-də doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

 

 

ELMƏDDİN ƏHMƏDLİ

(1996-2020)

 

Şəhid Elməddin Gülverən oğlu Əhmədli 1996-cı ilin bu günü Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabrın 19-da düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Doğulduğu kənddə dəfn edilən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

ADİL TATAROV

(1999-2018)

 

Şəhid Adil Əli oğlu Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub. Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. 2018-ci il mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olub və doğulduğu kənddə dəfn edilib. Adil Tatarov ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunub.

 

CAMAL PAŞA

(1872-1922)

 

Türkiyənin dövlət və hərbi xadimi, "Gənc türklər" inqilabının, "İttihad və Tərəqqi" partiyasının liderlərindən Camal Paşanın anım günüdür. O, 1872-ci il mayın 6-da Midillidə anadan olub. 1890-cı ildə Kuleli Hərbi Liseyini, 1893-cü ildə Hərbiyyə Məktəbini bitirib. İstanbulun hərbi qubernatoru, dəniz naziri olub, Suriya və Fələstindəki türk ordularına komandanlıq edib. Ənvər Paşa və Tələt Paşa ilə birlikdə hakim triumviratrın (üçlüyün) üzvü olub. 1918-1922-ci illərdə Almaniya, İsveçrə və Əfqanıstanda mühacirətdə olub. Camal Paşa 1922-ci il iyulun 21-də Türkiyəyə geri qayıdarkən Tiflisdə millətçi ermənilərin Daşnaksütun Partiyasının üzvü tərəfindən qətlə yetirilib.

 

 

MİR YAQUB MEHDİYEV

(1891-1952)

 

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, dövlət xadimi Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyevin xatirə günüdür. O,  1891-ci il sentyabrın 24-də Bakının Xırdalan qəsəbəsində anadan olub. Gümrü kommersiya məktəbində, Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində və Almaniyanın Bonn şəhərindəki universitetdə təhsil alıb. Təhsilini başa vurduqdan sonra vətənə qayıdıb. "İttihad" partiyasının qurucularından biri, Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini olub. Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olub, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilib. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin üzvü olub. Cümhuriyyətin süqutundan sonra vətənə qayıtmayıb. Monpelye-3 Universitetinin Hüquq fakültəsinin doktorantı olub, "SSRİ-də milli məsələ" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl bitirərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Mühacir həyatını Türkiyədə davam etdirib, İstanbul Hərb Akademiyasının rus dili müəllimi, Heybəli Ali Dəniz Məktəbinin professoru olub. Bir çox məqalələrin və kitabların müəllifidir. Mir Yaqub Mehdiyev 28 yanvar 1952-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat edib və Feriköy məzarlığında dəfn edilib.

 

 

ƏBDÜLVAHAB YURDSEVƏR

             (1898-1976)

 

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist Əbdülvahab Yurdsevər Məmmədzadənin xatirə günüdür. O, 1898-ci il 17 iyul tarixində Bakıda dünyaya gəlib. 1911-ci ildə rus liseyinə qəbul edilib, 1917-ci ildən siyasi fəaliyyətə başlayıb. O, həyatını bütünlüklə istiqlal hərəkatına həsr edərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak edib, 1920-ci ilin aprel işğalından sonra gizli fəaliyyətə keçən Müsavat Partiyasının Bakı komitəsinin sədri və Milli Müqavimət Komitəsinin üzvü olub. 1923-cü ildə həbs edilərək, əvvəlcə Şimali Qafqaza sürgün edilib, cəza müddəti bitdikdən az sonra isə Yaroslavl və Saratovda 11 illik sürgün həyatı yaşayıb. Sürgündən sonra bir müddət Daşkənddə qız məktəbində müəllimlik edib, daha sonra İrana, oradan isə Varşavaya mühacirət edib. İkinci Dünya müharibəsinin başlanmasından sonra Türkiyəyə gəlib, burada hüquq təhsili alıb. 1959-cu ildən ömrünün sonuna kimi İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib. Əbdülvahab Yurdsevər 1976-cı ildə vəfat edib.

 

 

MEHDİ MƏMMƏDOV

(1918-1985)

 

Azərbaycanın xalq artisti, teatr rejissoru və pedaqoq Mehdi Əsədulla oğlu Məmmədovun anım günüdür. O, 1918-ci il mayın 22-də Şuşada doğulub. Bakı Teatr Məktəbində və Moskvada ali rejissor təhsili alıb. Səhnə sənətinə aktyorluqla başlayıb. Gəncə Dövlət Dram Teatrında, Milli Dram Teatrında, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. 1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində işləyib. Bir sıra film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Bir neçə kitabın müəllifi olan Mehdi Məmmədov 1985-ci il yanvarın 8-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, rejissor Vüqar Məmmədovun, aktyorlar Ülvi Mehdinin və Elçin Məmmədovun atası, aktrisalar Şəfiqə Məmmədovanın və Barat Şəkinskayanın həyat yoldaşı olub.

 

 

VAQİF SƏMƏDOĞLU

         (1939-2015)

 

Bu gün Azərbaycanın xalq şairi, dramaturq, publisist Vaqif Səməd oğlu Vəkilovun anım günüdür. O, 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib. 2000 və 2005-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. Vaqif Səmədoğlu 28 yanvar 2015-ci ildə Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏRƏSTUN MAHMUDOV 

(1957-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İspəndi oğlu Mahmudovun anım günüdür. O,  23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olub. 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirib, 1975-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil olub. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN-2 təyyarəsində əmək fəaliyyətinə başlayıb. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçib və Mİ-2 vertolyotunun bort-mexaniki olub. Vertolyotun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilib, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak edib. Cəbhə bölgəsinə son uçuşu 28 yanvar 1992-ci ildə olub. Ağdam-Şuşa marşrutu üzrə yerli əhalini daşıyan Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulub və bütün heyətlə birlikdə Ərəstun Mahmudov da qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

ŞAKİR SALAHOV

(1966-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Şakir Şamil oğlu Salahov da bu gün xatırlanır. O,  1966-cı il iyunun 15-də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Xankəndi Daxili İşlər Şöbəsində işə qəbul olunub. Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra torpaqlarımızın müdafiəsinə qalxıb, Cəmilli, Kosalar və digər kəndlərimizin müdafiəsində şücaət göstərib. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa istiqamətində uçarkən ermənilər tərəfindən vurulan vertolyotda şəhid olanlar arasında Şakir Salahov da olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 

 

 

FƏRHAD ATAKİŞİYEV

(1970-1992)

 

Şəhid Fərhad Rəhman oğlu Atakişiyevin anım günüdür. O, 1970-ci il iyulun 3-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq, Şıxov könüllülər batalyonuna yazılıb və özünümüdafiə dəstəsinin bələdçisi olub. 1991-ci il dekabrın 26-da erməni silahlı qüvvələri güclü texnika ilə Kərkicahana hücum edib. Fərhad Atakişiyev dekabrın 27-dən 28-ə keçən gecə qeyri-bərabər döyüşdə 8 könüllü əsgərlə ilə birlikdə mühasirəyə düşərək əsir alınıb və çoxsaylı işgəncələrdən sonra 28 yanvar 1992-ci ildə xüsusi qəddarlıqla qətlə yetirilib. Onun meyiti qarşı tərəfdən alınıb və Ağcabədi şəhərində dəfn olunub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

 

MƏRİFƏT NƏSİBOV

(1972-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Mərifət Əhməd oğlu Nəsibovun xatirə günüdür. O, 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. 1979-cu ildə burada məktəbə gedib, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirib. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Sovet Ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıdıb və könüllü olaraq Milli Orduya yazılıb. 1992-ci il yanvarın 28-də Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Mərifət Nəsibova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

MÜBARİZ QULİYEV 

(1975-1994)

 

Şəhid Mübariz Ramiz oğlu Quliyev də bu gün xatırlanır. O, 1975-ci il yanvarın 15-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı əldə silah doğulduğu Ağdam rayonunun müdafiəsində iştirak edib. Mübariz Quliyev 1994-cü il yanvarın 28-də Ağdam rayonunun Qaraqaşlı kəndi uğrunda gedən döyüşdə 4 nəfər əsgərlə birlikdə itkin düşüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım