12:49 20-Noyabr-2020 958
Ana səhifə Xəbərlər

100-dən çox erməni əsgərini öldürən Vidadi Xəlilovun hekayəti - REPORTAJ

Polkovnik- leytenant Vidadi Xəlilov. İndi bu bir neçə aya kimi bu adı sadəcə qohum-qonşuları, tanışları, hərbiçi yoldaşları tanıyırdısa indi onu bütün Azərbaycan tanıyır. Çünki 30 ilə yaxındır düşmən tapdağında olan torpaqların azad edilməsi uğrunda canından keçib Vidadi Xəlilov. Vaxtı ilə Mübariz İbrahimov, Polad Həşimov kimi mərd oğulların şəhid olmasına görə çox sarsılan, aprel döyüşlərinin qəhrəmanına çevrilən Vidadi Xəlilov sentyabrın 27-də Böyük Vətən Müharibəsinin başlamasını sevinclə qarşılayıb. O, şəhidlərimizin qisasını almaq üçün daim ön sırada döyüşüb, əsgərlərimizi öz balası kimi qoruyaraq sinəsini qabağa verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Şəhidin anası Əminə Məmmədova deyir ki, Qarabağda döyüşlər zamanı ara-sıra  ailə üzvləri ilə telefonla danışan polkovnik- leytenant Vidadi Xəlilov hər dəfə onlarla belə sağollaşırdı. "Az qalıb, hər şey yaxşı olacaq!": “Həmişə deyirdi ana qürurlu ol qələbə bizimlədir. Biz qalib gələcəyik. Mən də fəxr edirdim. Ana bundan artıq nə eşitməli idi. Balanın xoş sözlərini. Həmişə dua edirdim ki, Allah sən Azərbaycan Ordusunu qoru, Prezidentimizin canını sağ elə. Bu gün oğullarımızı orda hər şeylə təmin edirlər”.

 

Döyüşlərdə 100-dən çox erməni əsgər və zabitini məhv edən, Murovdağ zirvəsinin, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının işğaldan azad edilməsində böyük əməyi olan Vidadi Xəlilov hər zaman şəhid olmağı özünə şərəf hesab edib, ailə üzvlərinə ağlamamağı, başlarını dik tutmağı tövsiyə edib.

 

Vidadi ailə üzvlərinə söz vermişdi ki, şəhid olmasa Şuşanı azad edəndən sonra hamılıqla gedib orada qurban kəsəcək. Lakin O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. İndi onun bu arzusunu ailə üzvləri yerinə yetirəcək. Əminə Məmmədova deyir ki, ailəs Şuşaya getməyi səbirsizliklə gözləyirlər: “Mənə deyirdi ana qürurlu ol biz qalib gəlib evimizə qayıdacağıq. Şuşa alınsa, sağ qalaramsa gedib orda qurban kəsərik. Sağ qalmaramsa siz mənim əvəzimə gedib orda qurban kəsərsiz. Bizə həmişə deyirdi ki, vətən uğrunda döyüşüb şəhid olmaq arzumdur. Bir dəfə dedi ki, ana bax Mübariz İbrahimovun anası danışır, görün necə qürurludur. Vaxt gələcək sən də elə danışacaqsan. Fəxr edirəm ki, mən belə bir oğul böyütmüşəm. Vətən uğrunda canından keçib. O şəhid olan, döyüşən oğullara mən anaları qurban olsun. Onlar igiddirlər”.

 

Məktəb illərindən hərbi sahəyə böyük marağı olan, vətənpərvərliyi və igidliyi ilə həmyaşıdlarından fərqlənən Vidadi Xəlilov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuduqdan sonra xarici ölkələrdə hərbi kurslarda iştirak edib:

 

Müəllimi Mehriban Mütəllimova onu belə xatırlayır: “Qarabağın işğaldan azad olunması istəyi bu gün onun hərbiçi olmağına gətirib çıxardı. Onda xüsusi vətən sevgisi var idi. Hər birimiz fəxr edirik ki, bizim belə bir tələbəmiz olub. Bundan sonra onun igidliyi gələcək nəsillərimizə örnəkdir”.

 

Peşəkar hərbçi Vidadi Xəlilov "hərbdə 20 il qüsursuz xidmət"inə görə, “Azərbaycan Ordusunun 100 illiyi”nə görə yubiley medalı, diplom və sertifikatlarla təltif olunub.

 

İki il əvvəl Gəncədə birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşən şəhidin qızı Zəhra Xəlilzadə Qarabağın işğaldan azad olunması ilə bağlı arzularını dilə gətirmişdi: “Fəxr edirəm ki, mən hərbiçi qızıyam. Gün o gün olacaq torpaqlarımız mənfur düşmən tapdağından azad olunacaq”.

 

Zəhra bu gün arzusuna çatdığını, lakin atasını itirdiyini deyir: “Düzdür mənim arzum həyata keçdi, lakin mən atamı Vətən uğrunda gedən döyüşlərdə itirdim. Mən əvvəldə atamla fəxr edirdim, indi isə ikiqat fəxr edirəm. Çünki mən şəhid polkovnik- leytenant Vidadi Xəlilovun qızıyam. Atamın arzusu idi şəhid olmaq. O, indi öz arzusuna çatıb”.

 

Vidadi öz Vətənini, elini sevən vətənpərvər oğul olduğunu bir daha təsdiqlədi. Onu tanıyanlar bu vaxta qədər Vidadinin vətənpərvərliyi, mərdliyi ilə qürur duyurdu, amma bundan sonra əbədi olaraq şəhidin adı insanların and yerinə çevrilir! İllərlə Vətən həsrəti, Qarabağı işğaldan azad etmək arzusu ilə yaşayan, gözlərinə yuxu getməyən qardaşım, indi rahat uyu! Sənin qanın yerdə qalmadı! Rəşadətli Azərbaycan Ordusu düşmənə ağır zərbələr vuraraq rayonları, kəndləri işğaldan azad etdi, minlərlə erməni əsgər və zabitini məhv etdi. Qarabağa, sənin ən böyük arzun olan Şuşa şəhərinə Azərbaycan bayrağı sancıldı. Ruhun şad olsun.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım