12:09 16-Yanvar-2021 445
Ana səhifə Xəbərlər

20-dən çox büst, 170-dən artıq əsər - QARABAĞ QAZİSİNİN YARATDIĞI MUZEYDƏN REPORTAJ

Birinci Qarabağ müharibəsinin iştirakçısı şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün memorial muzey yaradıb.

 

APA TV-nin məlumatına görə, müharibə veteranı Namiq Əliyevin öz şəxsi vəsaiti hesabına yaratdığı muzeydə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimiz, milli qəhrəmanlarımızla bağlı xeyli sayda fotolar, informasiyalar, büst və heykəllər var.

 

Muzeyi gəzdikcə, insan özünü Birinci Qarabağ müharibəsi dövründə hiss edir. Muzeydəki eksponatların hər biri sanki bir qəhrəmanlıq hekayəsini insanın gözləri önündə canlandırır:

 

Muzeydə Vətən Müharibəsi qəhrəmanları ilə yanaşı, Aprel döyüşləri və Birinci Qarabağ müharibəsi şəhidlərinin büstləri, heykəlləri və portretləri var. Muzeydə 200-ə yaxın eksponat var ki, onların da hər biri bir qəhrəmanımızın həyat hekayəsindən bəhs edir.

 

Muzeyin yaradıcısı Namiq Əliyev deyir ki, onun ən böyük arzusu belə bir muzey yaradıb, şəhid olmuş döyüşçü yoldaşlarının və Vətən uğrunda şəhid olan digər qəhrəmanların ruhunu şad etmək, onların xatirəsini əbədi yaşatmaqdır: “Kiçik övladım mənə güc verdi ki, gəl belə bir muzey düzəlt. “Şəhidlər ölməz, Vətən bölünməz” – belə bir deyim var. Övladım dedi ki, belə bir muzey yarat ki, biz də səni yaşadaq. Muzeydə 3 metrə yaxın hündürlükdə Mübariz İbrahimovun heykəli var. Burada 20-dən çox Milli Qəhrəmanın büstü var. Həmçinin 170-ə yaxın Milli Qəhrəmanımıza aid kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm əsərləri var”.

 

Namiq Əliyevin sözlərinə görə, hazırda bu məkan şəhid ailələrinin, hərbçilərin, vətənpərvər insanların, böyükdən-kiçiyə hər kəsin and yerinə çevrilib.

 

Keçmiş döyüşçü deyir ki, Vətən Müharibəsindən əvvəl bir neçə döyüşçü yoldaşı buranı ziyarət edib. Həmin döyüşçülərdən bir neçəsi artıq həyatda deyil: “Şuşada bir xüsusi təyinatlı yaralanır. Onu hospitala gətirirlər. Oradan mənə zəng vurub deyir ki, Namiq müəllim, necəsiniz? Deyirəm, sağ ol. Deyir ki, bəs mən yaralanmışam, hospitaldayam. Onun dediyi sözü deyirəm. Deyir ki, yaralı halda evimdən-eşiyimdən, tanışlarımdan heç kim yadıma düşmədi. Ancaq siz yadıma düşdünüz. Mən də sual verdim ki, niyə mən sənin yadına düşdüm. Dedi ki, fikirləşdim ki, bu sondur, artıq şəhidlik zirvəsinə ucalıram. Yəni elə bir an idi. Fikirləşdim ki, şəhid olsam, Namiq müəllim məni yaşadacaq. Bu, mənim üçün çox qürurverici bir söz idi”.

 

Qəhrəmanımız deyir ki, muzeydə onun üçün ən dəyərli eksponat döyüşçü yoldaşı, şəhid Natiq Qasımova məxsusdur. O günləri böyük ağrı-acı ilə xatırlayan qazi bildirir ki, Natiq Alban kilsəsində 5 gün dayanmadan təkbaşına döyüşüb. Düşmənə əsir düşsə də, 22 Xocalı sakininin həyatını xilas edib: “Bizim Ali Baş Komandanın əmri var ki, Şuşa şəhəri Azərbaycan Respublikasının mədəniyyət paytaxtı olsun. Mənim də arzum odur ki, Şuşa şəhərinin gözəl bir yerində belə bir muzey yaradaq, bu işi davam etdirək. Oradakı muzeydə ilk növbədə Şuşa fatehlərinin əsərlərini görmək istərdim”.

 

Qeyd edək ki, 51 yaşlı Namiq Əliyev Birinci Qarabağ müharibəsində Ağdam rayonunun müdafiəsində iştirak edib. Onun qardaşı Elman Əliyev isə Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım