15:46 17-Noyabr-2020 621
Ana səhifə Xəbərlər

Bakıda 110 ailənin yaşadığı yataqxana su içindədir - REPORTAJ

Gördüyünüz bu kadrları Bakının mərkəzində qeydə almışıq.

 

Nərimanov rayonu, Nazim Hacıyev küçəsi-6 A ünvanındakı ailəvi yataqxanada 110 ailə məskunlaşıb. Hər il olduğu kimi, bu il də payız fəslinin gəlişi sakinlərin məişət qayğılarını yenidən artırıb.

 

Binanın dam örtüyü yararsız halda olduğundan, beşmərtəbəli binanın elə bir mənzili yoxdur ki, yağış sularına qərq olmasın.

 

Yataqxana sakini Tofiq Qasımov deyir ki, 6 nəfərlik ailə üzvü ilə birlikdə bu binada yaşayır və istilik sistemi də ləğv edilib: “Ünvan Mirzəbala Məmmədzadə 10, mənzil 61-in sakiniyəm. Mən 1984-cü ildən burda yaşayıram. Bura kiçik ailələr üçün yataqxana idi. Mənim də bir övladım vardı. Mənzil növbəsində idik. Nazirlik ləğv edildi, bizi mənzil növbəsindən çıxardılar. Sənaye və Tikinti Nazirliyinin balansında idi. Qızım, nəvələrim, kürəkənim, ümumilikdə 6 nəfərlik ailə üzvümlə iki otaqlı mənzildə illərdir yaşayırıq. Mənzili görürsünüz nə vəziyyətdədir. Rütubət, damır, istilik sistemini ləğv ediblər. İnanın Allaha, iynəyə, dərmana pul verməkdən nəfəsim kəsilib. İki körpə nəvəm böyüyür burda”.

 

Qorxmaz Həsənovun sözlərinə görə, binanın dam örtüyü də bərbad vəziyyətdədir: “131 saylı mənzilin sakiniyəm. Mənzilimi dəfələrlə su basıb, özüm mənzilimin dam örtüyünü təmir etdirmişəm. Amma ümumilikdə binanın dam örtüyü bərbad durumdadır. Ona görə də bütün mənzillər özümüz az da olsa, təmir etdirsək də, hər yağış yağanda su basır”.

 

Səxavət Cəbiyev deyir ki, binanın vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlayıblar: “Neçə illərdir sökülməsi ilə bağlı müraciət edirik. Salamat binaları söküb bunu saxlayıblar. Evlərlə hamam və ayaqyolu arasında 60 metrlik məsafə var. Bina qəzalı vəziyyətdədir. Deyirik, amma baxmırlar”.

 

Sakinlərdən öyrəndik ki, Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmiləri dəfələrlə binaya baş çəkiblər. Sakinlərin qeydiyyatı da aparılıb. Amma bina sakinlərinin köçürülməsi ilə bağlı qərar ləngidilir.

 

Problemin həllinə münasibət öyrənmək üçün üz tutduq Nərimanov Rayon İcra Hakimiyyətinə. İcra başçısının müavini İradə Mahmudova bildirdi ki, sözügedən ərazidəki ailəvi yataqxanaya baxış keçirilib. Bina sakinlərinin oradan köçürülməsi ilə bağlı qərar müzakirə müstəvisindədir. Yataqxanada yaşayan və məişət problemləri daha ağır olan 10 ailə artıq İcra Hakimiyyətinin köməyi ilə kirayə mənzillə təmin olunub.

 

Binanın sökülüb, yenisinin tikilməsi ilə bağlı məsələ isə hazırda gündəmdədir. Aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

 

İradə Mahmudova qeyd etdi ki, əgər binanın köçürülməsi ilə bağlı ləngimə olarsa, yataqxananın dam örtüyü təmir olunacaq.

 

Sevinc Vaqifqızı,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım