10:47 10-İyul-2020 394
Ana səhifə Xəbərlər

Bakıda avtobuslarda niyə sıxlıq yaşanır? – BNA-DAN AÇIQLAMA

Bakının ictimai nəqliyyat sistemində sıxlıq yaşanır.

 

APA TV-nin məlumatına görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə paytaxtın ictimai nəqliyyat sisteminin bel sütunu sayılan metronun fəaliyyətinin dayandırması ictimai nəqliyyat sisteminin vəziyyətini daha da gərginləşdirib. Bu isə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə atılan addımların effektivliyinə mane olur.

 

Karantin günlərində Bakı Nəqliyyat Agentliyi (BNA) metronu əvəz etmək və ictimai nəqliyyatda sərnişin sıxlığını azaltmaq məqsədi ilə M kateqoriyalı ekspress xətlərini işə salsa da, apardığımız müşahidələr onu göstərir ki, ictimai nəqliyyat sistemində ciddi problemlər var. Elə sərnişinləri də bu narahat edir:

 

- Avtobusların sayı çox azdır. Ona görə də marşrutlarda sıxlıq olur. Əgər belə bir problem varsa, avtobusların sayını artırsınlar, sıxlıq olmasın. Avtobuslara müəyyən həddə insanlar mindirsinlər.

 

- Avtobuslar bir az isti olur. Sıxlıq var marşrut xətlərində. 5 nəfər bir yerə yığılmaq olmaz, amma avtobusda 40-50 nəfəri basırlar bir yerə. Düzdür, bir az narahatlıq yaradır. Amma yenə də məcburuq da.

 

- Nə vaxtdır 24 nömrəli marşrutu gözləyirəm. Hələ də gəlib çıxmayıb. İndi avtobus çıxmalıdır. Hanı? Reys yoxdur. Artıq neçə dəqiqədir gözləyirəm.

 

- Narahatıq, vəziyyət çətindir. Avtobuslarda basabasdır. Ondansa, metro işləsə, yaxşıdır. Avtobusda camaat minir bir-birinin belinə.

 

- Görürük avtobus doludursa, gözləyirik o biri marşurutla gedib-gəlirik. Yəni problem yoxdur. 2 saat vaxtımız olur. Onu bir təhər keçirə bilirik.

 

- Belə çətindir də. Hər yerə gec gedib çatırsan. Bir az problem yaranır. Səhər saatlarında işə gecikirəm. 30 nömrəli marşrutla “28 May” metrosu tərəfə neçə saata çatıram.

 

Bununla belə, bütün məsuliyyəti Bakı Nəqliyyat Agentliyinin və daşıyıcı şirkətlərin üzərinə atmaq da doğru deyil. Vətəndaşlar özləri də elementar gigiyenik qaydalara əməl etməlidirlər. Amma çəkiliş zamanı ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər də gözümüzdən yayınmadı. Kimisi avtobusa minərkən sosial məsafə anlayışına əməl etmir, kimisi də maskanı ağzına taxmaq əvəzinə çənəsinə, qulağına taxır. Dayanacaqlarda topa halda avtobus gözləyənlərdən, terminalların qarşısında kartına ödəniş etmək üçün toplaşanlardan isə hələ heç danışmıram...

 

Avtobus sürücüləri sərnişinlərin belə davranışlarına görə məsuliyyət daşımadıqlarını bildirirlər: “Sərnişinlər, sürücülər – hamımız karantin qaydalarına riayət edirik. Sərnişinlər maska taxırlar. Avtobusun daxilində spirt qabı var. Qaydalara əməl etməyənlər üçün biz nə edə bilərik? Biz sərnişinlərə deyirik, başa salırıq. İndi əməl etmirsə, durub onunla dava edəsi deyilik ki?”

 

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar olaraq bu günlərdə sərnişin axınında azalma müşahidə olunmaqdadır:

 

“Hazırda təxminən sərnişin axınında 60-70% azalma var. Amma buna baxmayaraq, avtobusların sayı azaldılmayıb. Adi rejimi yay rejimi ilə müqayisə etdikdə, xətlərdə heç bir azalma yoxdur. Təxminən 15-20% artıq avtobus xəttə buraxılıb. Zərurət olan istiqamətlərdə avtobusların sayı artırılır. Hətta bəzən olur ki, ekspress xətlər üzrə də avtobusların sayını artırırıq. Məsələn, səhər və axşam saatlarında M1, M2 xətləri üzrə sərnişin tələbatı çoxdursa, həmin xətlərə sərnişin tələbatı az olan xətlərdən əlavə avtobuslar cəlb edilir.  Gündəlik olaraq xüsusən də səhər və axşam saatlarında sərnişin axınının qarşılanması üçün istehsalat bazasında olan bütün avtobuslar xəttə buraxılır”.

 

Qeyd edək ki, BNA-nın ekspress xətləri hər gün səhər saat 06:30-dan axşam saat 21:00-dək fəaliyyət göstərir.

 

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım