13:15 05-May-2021 1042
Ana səhifə Xəbərlər

Bədbəxt hadisə nəticəsində ölən şəxsin ailəsi zavoddan kompensasiya tələb edir - ARAŞDIRMA

Rasim İsmayıl oğlu Heydərov 2020-ci ilin 16-20 yanvar tarixinədək Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radioquraşdırma zavodu” MMC-də pressləyici vəzifəsində çalışıb.

 

Əfqanıstan müharibəsi iştirakçısı və əlili olub. Əfqanıstan döyüşlərində göstərdiyi şücaətə görə “Ulduz” ordeni və “Lenin” fəxri diplomları ilə təltif olunub.

 

54 yaşlı Rasim Heydərov ötən ilin yanvar ayında 5 günlük işdən sonra şənbə və bazar günü  çalışdığı zavodda işə çağırılıb və elə həmin gün - 19 yanvar 2020-ci ildə istehsalat zədəsi alıb. Oğlu Sənan Heydərli iddia edir ki, iş saatı müddətində armatur dəmir çubuq atasının başını deşib və beyin hissəsi zədələnib. Rasim Heydərov dərhal xəstəxanaya yerləşdirilib. 10 gün komada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla bağlı ailəyə tibbi arayış da təqdim olunub.

 

Çalışdığı zavodun rəhbərliyi mərhumun xəstəxana və hüzr mərasiminin xərclərini öz üzərinə götürüb. Bundan sonra mərhum Rasim Heydərovun ailəsi ilə maraqlanan olmayıb. Hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda əvvəlcə Cinayət Məcəlləsinin 162.1 maddəsi ilə cinayət işi başlanıb, daha sonra iş yenidən 162.2 maddəsinə çevrilib.

 

Mərhumun oğlu Sənan Heydərli cinayət işinin ibtidai araşdırılma müddətinin uzadılmasından, hadisədən 1 il 4 ay ötməsinə baxmayaraq, ailəyə heç bir təzminat ödənilməməsindən şikayətçidir: “Həftənin şənbə və bazar günləri 101-ci maddə ilə işə cəlb olunmuşdu. Dövlətin müdafiəsi üçün zəruri işlərin görülməsi maddəsidir. Amma biz maraqlandıq və dedilər ki, atam həmin gün plastik yeşik hazırlamaq üçün işə cəlb olunub. Maraqlıdır, axı bu, dövlət müdafiəsi üçün zəruri zayıla bilərmi? Atamın hüzr mərasimi bitdikdən sonra ailəsi olaraq biz araşdırmalara başladıq. İşin araşdırılmasında vəkilin köməyi ilə məlum oldu ki, qanun pozuntularına yol verilib”.

 

Sənan Heydərlinin sözlərinə görə, atası Əfqanıstan müharibəsindən sonra ciddi qəlpə zədələri aldığından, onun ağır işlərə cəlb olunması qanunla qadağan olunsa da, rəhbərlik tərəfindən buna heç bir məhəl qoyulmayıb: “Zavod bilirdi ki, atam əlildir. İşlədiyi müddətdə də hər il 42 günlük məzuniyyət verilirdi, bu, yalnız sağlamlıq imkanları məhdud olan insanlara verilir. Pressləyici vəzifəsində çalışanlar ağır kisələrdə olan məmulatları pilləkənlə qaldırıb xüsusi cihazların içinə tökürdülər. Həmin kisələr 30-40 kq civarında olur. Bu baxımdan hesab edirik ki, atamın ölümündə zavod rəhbərliyi günahkardır. Çünki hadisə yerinə keçirilən baxış zamanı da məlum olub ki, atam işlədiyi döşəmə sürüşkən olub. O, ayağını pilləkənə qoyarkən sürüşüb. Əlini tutmaq istədiyi armatur başına sancılıb. Atamın qanının yerdə qalmasını istəmirəm. Ailəmə pensiya verilməsini tələb edirəm. Məhkəmənin ədaləti bərpa etməsini istəyirəm”.

 

Hadisə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində də araşdırılıb və akt hazırlanıb. Amma akt ailəyə təhvil verilməyib. Mərhumun ailəsi iddia edir ki, hazırlanan aktda zədələnmənin səbəbləri olduğu kimi göstərilməyib. Bu, Əmək Məcəlləsinin 101-ci maddəsinin bəndləri ilə uyğun gəlmir. Bundan başqa, əmək müqaviləsinin 4.12 maddəsinə əsasən işçi əməyin mühafizəsi normaları ilə 3 aydan bir, 1 dəfədən az olmayaraq təlimatlandırılır. Həmçinin mərhumun işlədiyi zavodla icbari sığorta müqaviləsi olub. Müqavilədə Rasim Heydərova ölümündən sonra 1420 manat verildiyi iddia edilir. Ailəsi iddia edir ki, onlara sığorta haqqı da ödənilmir.

 

Problemin həllinə aydınlıq gətirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Aynur Osmanqızı bildirib ki, qeyd olunan hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətində araşdırma aparılıb: “Rasim Heydərov və digər əməkdaşlar “Radioquraşdırma zavodu”nun 17 saylı əmri ilə tanış olaraq yanvar ayının 19-da işə cəlb ediliblər. Rasim Heydərovun hansı şəraitdə xəsarət aldığının şahidləri və ya videogörüntüsü olmadığından, həmçinin zərərçəkən vəfat etdiyi günədək koma vəziyyətində olduğundan, hadisənin səbəblərini və müraciətdə qeyd olunan tarixdə texniki təhlükəsizliyə dair təlimat jurnalının kimin tərəfindən imzalanmasını təyin etmək mümkün olmayıb. Komissiyaya təqdim edilmiş sənədlərə və alınmış izahatlara əsasən təhqiqat artıq aktı tərtib edib. Hadisə istehsalat xarakterli hesab edilərək iz formalı aktla rəsmiləşdirilib. Nəhayət, sığorta ödənişinin edilməsi üçün təhqiqat materialları aidiyyəti sığorta şirkətinə göndərilib”.

 

Cinayət işinin istintaqı hazırda Xətai Rayon Prokurorluğunda araşdırılır. Prokurorluğun müstəntiqi Mahmud Mehdiyevin sözlərinə görə, istehsalatda baş vermiş ölüm hadisəsi ilə bağlı artıq ikinci dəfə cinayət işi açılıb. Bundan əvvəl cinayət işinə xitam verilməsi ilə bağlı mərhumun ailəsi apellyasiya şikayəti verib. Zərərçəkənin əlavə vəsatətləri əsasında yenidən ikinci dəfə əldə olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Müstəntiq onu da əlavə edib ki, cinayətlərin ağırlıq dərəcəsindən asılı olaraq istintaq müddəti bir necə dəfə uzadıla da bilər. Cinayət işləri üzrə məhkəmə istintaqının müddətinin maksimal həddi isə konkret müəyyən edilməyib.

 

Məsələyə Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov da münasibət bildirib: “Vətəndaş Rasim Heydərovun ailəsinə istehsalatda bədbəxt hadisə ilə bağlı sığorta şirkəti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sığorta haqqı ödənilib. Bundan əlavə, mərhumun ailəsinə dəfn və yas mərasimləri ilə bağlı maddi yardım göstərilib. Hüquqlarının pozulduğunu hesab edən mərhumun oğlu aidiyyəti üzrə məhkəməyə müraciət edib. Hazırda iş məhkəmə icraatında olduğundan məhkəmə tərəfindən məsələyə hüquqi qiymət veriləcək”.

 

Sevinc Vaqifqızı,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım