12:03 16-May-2020 475
Ana səhifə Xəbərlər

Biləsuvar bələdiyyəsində torpaq qalmaqalı – SƏDR VƏ MÜAVİN MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ GƏLƏCƏK

“Torpağın qarası üz ağardar” deyirlər. Lakin Biləsuvar rayon Səmədabad kənd sakinlərinin pay torpaqları üzlərinə ağ olub.

 

APA TVnin xəbərinə görə, çörəkləri torpaqdan çıxan bu zəhmətkeş insanların dərdi onlara məxsus pay torpaqlarının əllərindən alınmasıdır.

 

Səmədabad sakini Talıb Muradov iddia edir ki, kənd bələdiyyə sədri Hidayət Həsənov kəndlilərin istifadəsinə verilmiş və müqavilə müddəti 2025-ci il də bitəcək olan pay torpaqlarını kəndlilərdən müxtəlif yollarla alıb: “2000-ci ildə bizə müqavilələrlə torpaqlar vermişdilər, onları 25 illik 2025-ci ilə qədər veriblər. Təəssüflər olsun, bizim kənd bələdiyyəsi Hidayət Həsənov başçı ilə birləşərək bizim torpaqlarımızı əlimizdən zor tətbiq eləməklə, imtina da yazdırdılar, 4 qardaşımın hamısının torpağı əlindən alındı”.

 

Torpaqları əlindən alındığını iddia edən Talıb Muradov bildirib ki, adı çəkilən şəxs ondan rüşvət tələb edib: “2017-ci ildə fevralın 9-da torpaqlar alındı, mənə bələdiyyə Hidayət Həsənov sənəd verdi, gedib çıxarış aldım. Həmin çıxarışı da dedi ki, “əlinizdən alacağam, mənə 3000 manat pul ver, 18 qoyun ver, ya verirsən, ya da torpağı alıram”. Biz də qorxumuzdan verdik, sonra prokurora da müraciət elədik, prokuror da o işlərə baxmadı. Verdik məhkəməyə, yenə baxmadılar. İndi biz belə bir çətin durumda qalmışıq. Bu kənd əhalisi də az qalır ki, köçə bu kənddən gedə. Biz indi nə etməliyik?”

 

Talıb Muradovun dediyinə görə, qardaşları ilə birgə 775 hektar, özünün isə 175 hektar torpağı var idi, bütün bu torpaqlardan indi cəmi 142 hektar torpaq qalıb.

 

Şəhid Fərahim Novruzovun atası, Səmədabad kənd sakini Nadir Novruzov isə ümumiyyətlə, ona pay torpağı verilmədiyini deyir: “Həm kəndin örüş sahəsi, həm də əkinə yararlı sahələri Əli Babayevdən tutmuş bütün icra hakimiyyətləri ancaq buradan torpaq alıblar. Qarabağı ermənilər işğal edibsə, Biləsuvarın Səmədabad kəndini məmurlar, icra başçıları işğal edib. Hərə özü üçün torpaq götürüb. 2017-ci ildən Səmədabad kəndindən haradasa 2000-dən yuxarı torpaq gedib, mənə oradan 5 hektar torpaq verilməyib. O, sırf kəndin örüş sahəsidir və oranı da basıb zor gücü ilə alıblar, taxıl əkiblər”.

 

Şəhid atası Nadir Novruzov əkinə yararlı torpaqların yararsız kimi istifadə edilməsindən narazıdır: “Kəndin sırf əkinə yararlı torpaqlarını bələdiyyə torpağı adı ilə götürüblər, yəni o da məmurdur. 35-40 sentner məhsul verən torpaqları yararsız torpaq kimi götürüblər. Köhnə icra başçısından tutmuş ta buna qədər. Son 5 ildə Hidayət Həsənov guya investor cəlb elədi kəndə, o investor adı ilə də bütün Səmədabadı elə bil Fələstinin gününə saldı. Verib məmurlara, ayağımızı basmağa yerimiz yoxdur”.

 

Bələdiyyə sədri Hidayət Həsənova qarşı iddia qaldıranlar arasında öz müavini Cavanşir Eynullayev də var. Onun sözlərinə görə, bələdiyyənin büdcəsində olan pulların hara xərclənməsindən məlumatsızdır. Bu haqda bələdiyyə sədrindən nəsə soruşanda isə kobud sözlərlə təhqir edir: “Əgər bu torpaqlar alınmışdısa, bu torpaqlar şirkətlərə verilibsə, bu torpaqlardan gələn gəlirlər hanı? Ödənilən vergilər hanı? Hələ bizim ərazimizdə 3 şirkət fəaliyyət göstərir – “Astaraçay” (torpaq “Astaraçay”ın adınadır, “Muğan Düyü” MMC-yə verir subicarə ilə), “Səmədabad Aqro” və “Aqromaster”. Bu 3 şirkətdən gələn vergilər 86 min manatdır, hələ əhalini demirik. Bizim bələdiyyənin büdcəsinə illik 86 min manat daxil olur, bəs bu pul hanı, bu pul hara gedir? Bu pulu kim dağıdır?”

 

İttiham olunan tərəfin - Səmədabad kənd bələdiyyəsinin sədri Hidayət Həsənovun da məsələyə münasibətini öyrəndik. İttihamların iftira olduğunu deyən sədr bildirib ki, 2014-cü ildən bu günə kimi hazırkı vəzifədə fəaliyyət göstərir və bu illər ərzində haqqında hər hansı şikayət olmayıb. Talıbovlar ailəsinin probleminə gəlincə, həmin şəxslər 2017-ci ildə torpaqdan imtina ilə bağlı kənd bələdiyyəsinə müraciət ediblər və rəsmi şəkildə onlara verilən pay torpaqlardan imtina ediblər: “Onlar 4 qardaşdırlar, 1000 hektar torpağı 250-300 baş qoyunla zəbt edib saxlamışdılar. O cümlədən mənim onlardan torpaq almağım - onlar mənə şər-böhtan deyirlər. Bunların imtina etməsindən zərrə qədər də mənim xəbərim yoxdur, məni çağırdılar icra nümayəndəliyinə ki, biz bu torpaqlardan imtina edirik. Ərizələrini yazmışdılar, hamısı öz xətləri ilə verdi mənə. Səbəbini mənə demədilər. Mən o ərizələri orada o şəkildə almadım, dedim ki, indi gecdir, sabah notarial qaydada təsdiq edib verərsiniz”.

 

H.Həsənov qeyd edib ki, Muradovlar ailəsinin rüşvətlə bağlı fikirləri də əsasızdır: “Bu gün bələdiyyə nə deyib ondan gedib quzu alar? Nə bilim, 8-10 deyir quzu alınıb, 3000 pul alınıb. Yaxşı, əgər mən almışamsa, 3 il bundan qabaq harada idiniz?”

 

Məsələyə hüquqi şərh verən hüquqşünas Siyasət Sultanov bildirib ki, əgər rüşvət vermə barəsində iddia varsa, bu, prokurorluq orqanında araşdırılmalıdır: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən rüşvət alma, passiv rüşvətxorluq maddədə nəzərdə tutulur ki, rüşvət istəmə belə həmin maddənin cinayət tərkibini yaradır. Həmin məcəllənin 312-ci maddəsinə əsasən, aktiv rüşvətxor rüşvət alan şəxslə eyni məsuliyyəti daşıyır. Lakin 312-ci maddənin qeyd hissəsində göstərilir ki, rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən hədə-qorxu nəticəsində rüşvət verdikdə və könülü olaraq müvafiq dövlət orqanlarına müraciət etdikdə, o, cinayət məsuliyyətindən azad edilir”.

 

Qeyd edək ki, Səmədabad kənd bələdiyyəsinin sədri Hidayət Həsənov haqqında “rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” ilə bağlı iddiaları böhtan hesab edir. Ləyaqətini alçaldan və işgüzar nüfuzunu ləkələyən materiallar yaydığı üçün Nadir Novruzov və Elman Əhədova qarşı məhkəmə qarşısında iddia qaldırıb. Talıb Muradovun pay torpaqlardan təyinatına uyğun istifadə etmədiyinə görə də bələdiyyə sədri məhkəməyə müraciət edib.

 

İsa İsmayılov,

Tural Kərimov,

Rövşən Əzimov,

Üzeyir Ağayev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım