16:25 03-Yanvar-2021 144
Ana səhifə Xəbərlər

Əsirlikdən dönən gizirimiz: “Damağımda 3 saatdan artıq keyidicisiz əməliyyat apardılar"

Vətən Müharibəsində iştirak edəsən, döyüşlərdə qələbə qazandıqca ruh yüksəkliyi yaşayasan, ancaq müharibənin bitməsindən xəbərin olmaya. Noyabrın 8-də yaralanan və iki gün sonra əsir düşən gizir Ömər Ələkbərov məhz bu taleyi yaşayıb.

 

Düşmən əsirliyindən azad edildikdən və xəstəxanada müalicə olunduqdan sonra ailəsinə dönən Ömər APA TV-nin  əməkdaşları ilə bölüşüb. Dediyinə görə, müzəffər ordumuzun zəfər xəbərini Vətənə ayaq basdıqdan sonra eşidib:

 

"Qırmızı Xaç gələndə mən onlardan bildim. Sadəcə, müharibə dayandığını dedilər, qələbənin bizim olduğunu mənə demədilər. Ondan sonra hər gün fikirləşdiyim o oldu ki görəsən, niyə dayanmışıq. Gəldim aeroporta düşəndə də orda tibb bacısı bir qız var idi, onun qolundan tutdum ki, "ay xanım, müharibədən nə xəbər?" deyəndə üzümə baxdı, gördüm ağladı. Dedim, niyə ağlayırsan. Məni qucaqladı, dedi ki, qələbə bizimdir. Əslində mənə elə qələbə sevinci bəs edirdi, öldüm, ya qaldım – önəmli deyildi. Qələbə sevinci elə bir hissdir ki, onu yaşadıqca anlaya bilirsən"

 

Ömər hərbçi olsa da, Vətən Müharibəsi başlayanda onun icra etdiyi vəzifə döyüşlərə qatılmasına imkan verməyib. O, könüllü olaraq sentyabrın 27-də Kəlbəcər istiqamətində, daha sonra isə fasilələrlə Füzuli və Xocavənd istiqamətlərində döyüşüb:

 

 

"Füzuli əməliyyatında yenə bildik ki o, əməliyyatlarda iştirak edə bilməyəcək. Malik olduğu ixtisasdan imtina elədi döyüşlərdə iştirak etmək üçün. Bayaq bacımız deyir ki Ali baş komandan   əmr versə yaralı olmasa döyüşlərdə iştirak eyləyər. amma mən deyirəm ki yaralı olsa da iştirak eyləyər yəni Ömərdə necə ürək olduğunu mən bilirəm.

 

Ömərin ön cəbhəyə yollandığını ailəsi bilməyib. 16 gün döyüşdükdən sonra noyabrın 8-də yaralanıb. Gözünün altından girən güllə üst damağını zədələyib, daha sonra ayağından da 3 güllə yarası alıb və hərəkət edə bilməyib:

 

 

"21 gün həm şəhid dedik ağladıq, həm də əlimizi yerə qoymadıq. Keçmiş olsun, bunu çətin də olsa, deyəcəyəm - nəşini axtarırdıq, yəni artıq təslim olmuşdum. 22-ci gün bizə zəng gəldi ki, bəs Ömər şəhid deyil, sağdır, amma əsirdir".

 

35 gündən sonra erməni əsirliyindən azad olan 35 yaşlı hərbçimiz əsirlikdə ağır işgəncələr görüb. Ən çətin günü noyabrın 28-dən 29-na keçən gecə olub. Güllə gözünün altından girib ağzından çıxdığı üçün damağını zədələyibmiş. Həmin gecə ağzının içində olan damardan qan açılıb. Həbsxanaya çağırılan "həkim" isə 3 saatdan artıq keyidicisiz, “narkoz”suz damağında tikiş aparıb. Ağrılardan Ömər huşu itirib:

 

"İşgəncəsiz onlar keçinmirdilər. İşgəncə əlbəttə ki, verirdilər. Mənim yarama barmağa kimi soxdular ki, mən onların dediyini təkrarlayım. Amma nə onların dediyini onların özünə qarşı deyirdim. Ona görə mənə hirslənirdilər ki, sən bizdən niyə qorxmursan".

 

Azad olunmasına görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edən Ömər Ələkbərov əsirlikdə qaldığı müddətdə azad olunacağına ümidini heç vaxt itirməyib. Çünki döyüşlərdə gördüyü yüksək əhval-ruhiyyə ona stimul verib. "Bilirdim ki, İrəvanda saxlanılırıq, amma döyüşü görmüşdüm deyə mənə elə gəlirdi ki, əsgərlərimiz döyüşə-döyüşə gəlib bizi buradan azad edəcəklər" - deyir 35 yaşlı gizir.

 

Qeyd edək ki, Ömər Ələkbərov ailəlidir, üçəm övladları var. Onlara isə unudulmaz şəhidlərimizin adlarını qoyub - Zəhra, Mübariz və Çingiz.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım