19:01 12-Oktyabr-2020 707
Ana səhifə Xəbərlər

Hikmət Hacıyev: “Gəncəyə atılan “SKAD” raketi ortamənzilli ballistik raketdir”

Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidə olublar.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

 

Nümayəndəliklərinin rəhbərləri dağıntılar törədilən ərazidə müşahidə aparıblar. Onları müşayiət edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, “SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır.

 

Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, çox unikal hallardan biridir ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik olan raket atılsın.

 

Prezidentinin köməkçisi onu da bildirib ki, bu, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlərin olmadığının göstəricisidir. Ermənilərin etdiyi bu vəhşiliyi vandalizm və barbarizm kimi qiymətləndiririk: “Eyni zamanda, qoşunların təmas xəttində də Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın mövqelərinə qarşı hücumlar həyata keçirilir. Onlar bizim işğaldan azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək üçün bunu edirlər. Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədirlər. Ötən gün Ermənistanın Müdafiə Nazirliyi çox riyakarcasına, utanmazcasına açıqlama verib ki, bunu biz törətməmişik. Törətdikləri bu vandalizmi inkar etmək istəyirlər. Amma faktı heç kim gizlədə bilməz. Bu gün Gəncəyə gələn hər bir nümayəndəlik rəhbərləri öz gözləri ilə görür ki, Azərbaycanın Gəncə şəhəri 4 oktyabrdan başlayaraq, Ermənistanın raket zərbələri altındadır. Onlar Ermənistanın bu vəhşiliyini, vandalizmini öz gözləri ilə görmüş olurlar”.

 

İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Muriel Peneveyre mülki əhalinin qorunmasının vacibliyini qeyd edib: “Bütün zərərçəkənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram. Mənim üçün Gəncəyə gəlmək və burada nələrin baş verdiyini görmək çox önəmli idi. Biz mülki əhalini qorumalıyıq”.

 

Gəncəyə atılan raketin birinci hissəsinin qalıqlarının Mingəçevirdə dağa düşüb partlayan raketin qalıqları ilə eyni olduğunu deyən ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib ki, bu gün həmin raketin ən son qalıqlarını tapıblar: “Raketin qalıqlarının üzərində 8k-14 raketi yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, bu, "Elbrus" sistemi olub”.

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov isə bildirib ki, Gəncə şəhərində IX əsrdən qalma İslam Peyğəmbərinin 5-ci nəvəsinə məxsus məscid zərər görüb.

 

Eyni zamanda, Gəncə şəhərində əsr yarım yaşı olan pravoslav kilsəsinin ətrafına düşən raket zərbələrindən kilsəyə də zərər dəyib. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmırlar.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə bildirib ki, Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək.

 

Qeyd edək ki, diplomatlar və beynəlxalq qurumların təmsilçiləri Mingəçevirə də gediblər.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım