11:23 20-Yanvar-2021 510
Ana səhifə Xəbərlər

Nəşi 35 gündən sonra tapıldı - REPORTAJ

Ən böyük arzusu zirvələrdə olmaq idi Veyis İsmayılovun. Elə Vətən Müharibəsində şəhid olaraq ən yüksək zirvəni fəth etdi qəhrəmanımız.

 

23 fevral 1996-cı ildə Yevlax rayonunda anadan olan Veyis İsmayılov 7 yaşı olanda ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçür. Burada kirayələrdə 3 uşaq böyüdən İsmayılovlar ailəsinin sonbeşiyi idi. 307 saylı tam orta məktəbdə təhsil aldıqdan sonra hərbi xidmətə yollanır. Qazax rayonunun Kəmərli kəndində xidmətdə olarkən dəfələrlə erməni təxribatı ilə üzləşsə də, bütün çətinliklərə mərdliklə sinə gəlir.

 

Şəhidin anası Zeynəb İsmayılovanın sözlərinə görə, ötən ilin iyul ayında Polad Həşimovun şəhid olması xəbərini alan Veyis Hərbi Komissarlığa gedərək könüllü olaraq ordu sıralarına yazılır: “Sentyabrın 30-da ona Yevlaxdan zəng gəlir ki, siz könüllü yazılmısız, gəlin komissarlığa. Mən bir də onda bildim ki, Veyis könüllü yazılıb. Ağladım, yalvardım ki, müharibə başlayıb, bəlkə getməyəsən. Dedi, ana, mən səni nə qədər çox istəyirəmsə, o qədər də Vətənimi sevirəm. Mən getməliyəm. Beş erməni öldürsəm, qənimətdir”.

 

Qardaşı Hüseyn İsmayılov onunla son danışığını belə xatırlayır: “Oktyabrın 12-si idi gecə zəng edib dedi ki, burda işıq kəsilib, sabah mənə zəng çatmasa, narahat olmayın, özüm zəng edəcəm. Ondan sonra bir də zəng eləmədi. Mən sonra bildim ki, onlar səhər hücuma gedirmiş, bizə deməyib ki, narahat olmayaq”.

 

Elə həmin döyüş Veyisin son döyüşü olur. Suqovuşan istiqamətində gedən qanlı döyüşdə Veyis İsmayılov qəhrəmancasına şəhid olur. Nəşi 35 gün neytral ərazidə qalır, yaxınları isə onu müxtəlif hospitallarda axtarır. Qardaşı Hüseyn İsmayılov deyir  noyabrın 17-də Veysin şəhadət xəbəri gəlib: “Noyabrın 17-də səhər durdum ki, yenə gedim rayona axtarım, zəng gəldi ki, qardaşın yaralanıb. Sonra bildik ki, şəhid olub. Mən dedim ki, gözləyin, gəlim baxım, tanıyaq ki, odur, ya yox. Xalam dedi, biz baxmışıq, odur. Sonra gətirdik Şəhidlər Xiyabanında dəfn elədik”.

 

Anası Zeynəb xanım deyir ki, sonuncu zəngində oğlu manqa komandiri olduğunu ona deyib: “Sonuncu dəfə zəng edəndə dedi ki, ana, məni manqa komandiri qoyublar. Mən də dedim, ay bala, bir az arxa yerdə daldalan, çox qabağa getmə. Dedi, ana, nə danışırsan, mən bura gizlənməyə gəlməmişəm. Döyüş harada olacaqsa, mən də orda olacağam. Suqovuşanda yaralanıb. 12 əsgər yoldaşını çıxarıb, sonra özü qanaxmadan ölüb”.

 

Atası Əflatun İsmayılov ona verilən bayrağı ömrünün sonuna qədər saxlayacağını deyir: “Bu, Müdafiə Nazirliyindən gələn bayraqdır. Büküb verdilər mənə, gətirdim evə. Bu bayraq isə tabutunun üstündə olan bayraqdır. Bu bayraqları mən ömrümün axırına kimi özümlə gəzdirəcəm. Harada yaşasam, baş ucumda olacaqlar”.

 

Anası deyir ki, Veyis hələ əsgərlikdə olanda gündəlik tutubmuş. Həmin gündəlikdə oğlunun son sözləri də yer alıb: “Hələ əsgərlikdə olanda gündəlik tutmuşdu. Oradan mənə məktublar yazırdı. Tərxis olunan gün gündəliyin son səhifəsinə yazıb ki,  mən sizi özümdən çox sevirəm. Suqovuşan mənim dağımdır. Mənim balamın qanı ora tökülüb. Arzumdur gedim ora, balamın qanı tökülən torpaqdan öpüm”.

 

Şəhid Veyis İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım