12:36 06-Yanvar-2021 369
Ana səhifə Xəbərlər

Serebral iflic olan Məhəmmədin yardıma ehtiyacı var - SOS

Balaca Məhəmməd yaş yarımlıqdır. O, da yaşıdları kimi həyata ilk addımlarını atmaq, yerimək, danışmaq, öz dostları ilə oynamaq istəyir. Amma doğuşdan onunla yol yoldaşı olan xəstəlik Məhəmmədin bütün bunları həyata keçirməsinə imkan vermir.

 

APA TV-nin məlumatına görə, Məhəmməd Kamran oğlu Zeynallı serebral iflicdən əziyyət çəkir. Nənəsi Gülbəniz xanım deyir ki, Məhəmmədin müalicəsi davamlı olaraq həyata keçirilsə, nəvəsi tezliklə sağala bilər: “Doğuş zamanı aldığı travmadan, oksigen çatışmazlığından demək olar ki, uşağın beyin hüceyrələrinin 30%-i ölüb. Beyindəki hüceyrələrin ölməsi uşağın böyük matarik hərəkətlər etməsinə imkan vermir. Yəni Məhəmməd otura bilmir, iməkləyə və yeriyə bilmir. Ağzının suyu axır, başını özü saxlaya bilmir. Məhəmməd 7-8 aylıq olanda tam dəqiq diaqnoz qoydular ki, bu uşaq 4-cü dərəcəli serebral iflicdir”.

 

Məhəmmədin anası Nəzrin Zeynallı deyir ki, oğlunda serebral iflic aşkarlanandan sonra dərhal müalicəyə başlanılıb. Amma ailənin hazırkı maddi durumu balaca Məhəmmədin müalicəsini davam etdirməyə imkan vermir: “Üzümü tuturam xalqımıza, imkanlı şəxslərə, kimin nəyə gücü çatırsa, yardım etsin. Məhəmməd də gələcəyin əsgəridir, gələcəyin vətəndaşıdır. O, da yaşıdlarından geri qalmasın. Biz evdə yeriyirik, hərəkət edirik. Məhəmməd bizə baxıb yeriyə bilmədiyini görəndə daha da aqresivləşir. Psixoloq deyir ki, çalışın bunu çox uzandırmayın. Çalışın ki, əlinizdə tutun, onunla oynayın. Bir şeyi götürmək istəyir, nəsə etmək istəyir, amma edə bilməyəndə daha da pis olur. Bu psixoloji cəhətdən problemlər yaradır”.

 

Nənəsi Gülbənizin sözlərinə görə, Məhəmmədin müalicəsinin tam şəkildə tamamlanması üçün 30 min manat vəsait lazımdır: “Nərimanov rayonunda serbral iflic mərkəzi var. Məhəmmədi müalicə üçün ora aparırıq. Onun da müalicələri, həftəsi 400 manata, ayı isə 1600 manata başa gəlir. Məhəmmədi tam müalicə etmək üçün 30 min manat vəsait lazımdır. Burdan imkanlı şəxslərə üzümü tutub deyirəm ki, Məhəmmədin sağlamlığı üçün, yeriməsi üçün, danışmağı üçün bizə yardım etsinlər. Arzum budur ki, balıaca Məhəmməd də yaşıdları kimi geriyə qalmasın, danışsın, gəzsin, oynasın”.

 

Gülbəniz xanımın oğlu, Məhəmmədin dayısı Nicat Əhədov Vətən müharibəsində iştirak edib və yanında minaatan mərmisinin partlaması nəticəsində yerimə qabiliyyətini itirib. Bu azmış kimi Gülbəniz xanım ev şəraitində müalicəsini davam etdirən oğluna qulluq etdiyinə görə işləyib ailəyə yardım edə bilmir. Evin bütün maddi vəziyyəti indi ailə başçısı Kamranın çiyinlərindədir: “Vətən uğrunda döyüşüb bu vəziyyətə düşdüyümə görə fəxr edirəm, amma ehtiyaclı vəziyyətdə qaldığım üçün bir tərəfdən də içim buruq qalıb. Dövlətimizdən, Prezidentimizdən, birinci xanım Mehriban Əliyevadan, Heydər Əliyev Fondundan, YAŞAT Fondundan xahiş edirəm ki, bizə dəstək olsunlar. Ehtiyaclı vəziyyətdəyik. Məhəmmədin bacım oğlu olması bir önəm daşımır. Yəni körpə bir uşağın əziyyət çəkməsi, öz yaşıdlarından fərqli şəkildə öz həyatından məhrum olması içimi parçalayır. Məhəmmədin müalicəsi üçün həm xalqımızdan, həm də dövlət orqanlarından yardım gözləyirəm. Ən azından özüm ayağa qalxana kimi”.

 

Məhəmmədin valideynləri onun müalicə olunmasına yardım edəcək xeyirxah şəxslərin pul köçürməsi üçün bank hesabı da açıblar. Balaca Məhəmmədə yardım etmək istəyənlər "Kapital" bank vasitəsilə bu hesaba (- 4169 7413 9701 4331) yardım edə və ya bu nömrə ilə (- 077 410 01 62) əlaqə saxlaya bilərlər.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım