20:32 19-Yanvar-2021 109
Ana səhifə Xəbərlər

Vətən Müharibəsi şəhidlərinin xatirəsi belə əbədiləşdirildi - REPORTAJ

Bu məkanda olarkən özünü 44 günlük zəfər müharibəmizi təcəssüm etdirən, möhtəşəm sərgidə hiss edirsən.  Qələbəmizin memarları olan 2855 nəfər şəhidimizin şəkli hazırlandıqdan sonra bu məkanda sərgilənir və ailələrinə təqdim edilir.

 

44 günlük vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə bitdi. Bitib, tükənməyən isə xalqın öz qələbəsinə olan inamı, şəhidinə, qazisinə bəslədiyi sevgi və hörmətdir.

 

APA TV xəbər verir ki, xalça şirkətlərindən biri tərəfindən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün möhtəşəm layihənin icrasına başlanılıb. Belə ki, xalça istehsalı ilə məşğul olan firma rəhbərliyi canını vətənin azadlığı yolunda qurban etmiş 2855 şəhidimizin hər birinin şəkilini ayrı-ayrılıqda xalça üzərində həkk etdirib. Üzərində şəhidin fotosu olan xalçalar xüsusi dizayn edilmiş çərçivəyə salınır və şirkət tərəfindən ailələrinə təqdim edilir. Bununla yanaşı, xalça dükanına gələrək öz yaxınlarının fotosunu axtaranlar da az deyil:

 

- Sözün düzü, qrupda atdılar mənə. Sonra isə internetdə gördüm. Çox sağ olsunlar bu cür təşəbbüs irəli sürüblər. Biz şəhid ailələri də sevinirik.

 

- Şəhidimizin adı İsmayılov Aqil Əli oğlu. Naxçıvan Muxtar Respublikası Şərur rayonu Comardlı kəndi. İlk gün xəbərimiz oldu. Biz şəkilləri verilən nömrəyə göndərdik. Sağ olsunlar, hazırlayıblar. Xəbər etdilər, gəlib götürdük. Təşəkkür edirik layihəni reallaşdıran insanlara. Dəyərli iş görüblər”.

 

- Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Ali Baş Komandanımıza uzun ömür versin.  Müzəffər Ordumuzu Allah qorusun. Bu qardaşlara da təşəkkür edirik ki, şəhidlərimizin hər birini bu cür yad ediblər”. 

 

Şirkətin direktoru Əhməd Hüseynov deyir ki, şəhid ailələrinə diqqəti, hörməti, hər zaman saxlamaq lazımdır: “Şəhid analarının əllərindən öpürük. Övladlarının gözlərindən öpürük. Biz şəhid ailələrinə hədiyyə olaraq qardaşlarımızın, nur üzlü şəhidlərimizin fotolarını təmənnasız olaraq hazırladıq. Hansı bölgədə yaşamasından asılı olmayaraq, ünvanlarına birbaşa çatdırırıq. Qürurverici bir hissdir. Bu bizim borcumuzdur. Bir iş adamı olaraq, mən hər kəsin duyarlı olmasını istəyirəm. Şəhid ailələrinə diqqəti, hörməti, hər zaman saxlamaq lazımdır”.

 

24 yaşlı şəhidimiz Azər Quliyevin fotosu artıq hazırdır. APA TV-nin çəkiliş qrupu olaraq şəkili şəhidimizin ailəsinə təqdim etmək üçün Sumqayıt şəhərinə yollanırıq.

 

Şəhidin anası Səmərqə Quliyeva hər kəsə təşəkkürünü bildirir: “Çox sağ olsunlar. Allah hamısına can sağlığı versin, ömürləri uzun olsun. Dediklərimizi qəbul edib, uşağımızın şəkilin xalça üzərinə toxuyub bizə göndərdilər. Övladım deyirdi sizi aparacam Qubadlıya. Babamın məzarın ziyarət edəcəm. Ayın 23-ü şəhid oldu. 25-i isə Qubadlı işğaldan azad edildi”.

 

Şirkət rəhbərinin sözlərinə görə, fotoların xalça üzərinə işlənilməsi bir qədər vaxt aparır. Bu səbəbdən proses mərhələli şəkildə davam etdiriləcək.

 

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım