19:13 13-Yanvar-2021 86
Ana səhifə Xəbərlər

Xudayarın büstünü hazırlayan heykəltəraş APA TV-yə danışdı

“Sadəcə dostumdan xahiş etdim, şəkillərini çəkdi. Həmişəki kimi “instagram”da, “facebook”da paylaşdım. Belə əks-səda verəcəyini bilmirdim. Düzü, mən sadə formada aparıb ailəsinə təhvil vermək istəyirdim”.

 

Vətən müharibəsinin nəğməsi ilə dastana dönən gənc, gülərüz qəhrəmanı Xudayar Yusifzadənin bu büstü iki gündür ki, sosial şəbəkələrin gündəmindədir. Əsərin müəllifi Teymur Qəribov deyir ki, sözügedən işi xüsusi həvəslə ərsəyə gətirib: “Müharibə dövründə görürdük millətimiz bir yumruq olaraq necə əsgərlərimiz üçün fədailik edirlər. Kimi pulu ilə, kimi malı ilə. Mən də düşündüm, mən incəsənət adamıyam, əlimdən bu gəlir. Heç olmasa ailəsi üçün təsəlli olar. İstər-istəməz biz yaradıcı adamlar bir az emosional oluruq. Şairə də hansısa mövzu toxunanda o, öz hisslərini bu yolla çatdırır, bəstəkarlar musiqi ilə və s. Mən də incəsənət adamı olduğuma görə həmin an qardaşın heykəlini düzəltmək barədə düşündüm ki, bunu edim və ailəsinə hədiyyə edim. Məni həm də o şad edir ki, uğurlu alındı. Hərdən elə olur ki, rəssamlar da bilər, nə qədər əziyyət çəksən də iş ərsəyə gəlmir. Çox şükür, istəyim o qədər böyük oldu ki, alındı. Çox istəyirdim onun o gülər üzünü, daxili aləmini, sadəliyini göstərim. Nəticəyə də tamaşaçılar qiymət verir. Bildiyimə görə, əksəriyyətinin xoşuna gəlib”.

 

Teymur Qəribov kiçik yaşlarından incəsənətlə maraqlanıb, rəssamlıq və heykəltəraşlıq üzrə müxtəlif kurslarda iştirak edib. Deyir ki, bütün həyatı bu sənətlə bağlıdır. Hazırda işindən əlavə evində də yaradıcılıq emalatxanası olan sənətkar, son əsərini də orada ərsəyə gətirib: “Ümumiyyətlə, heykəl 2-3 etap keçir. Hər bir heykəl birinci gildən başlayır. Sonra onun ikinci mərhələsi, qəlibdir. Gördüyünüz kimi, indi 2-ci etapdayıq, qəlibi çıxarmışıq. Bundan sonra isə üçüncü etap gəlir, onda materiala keçəcəyik”.

 

Tarixdə baş verən bütün hadisələrin: müharibələrin, fəlakətlərin, o cümlədən tərəqqi və təkamülün ümumi mənzərəsini incəsənət  işıqlandırır. Bəstəkarlar musiqiləri ilə, heykəltəraş və rəssamlar vizual işləri ilə və s.

 

Hər bir incəsənət əsəri öz dövrünün abu-havasını daşıyır, zamanın ruhunu yaşadır. Yazılı tarixin proyeksiyası olan bu heykəllər həm də Vətən Müharibəsini və onun qəhrəmanlarını dünya tarixinin vizual yaddaşına həkk edəcək.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım